BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Ermənistan Azərbaycan ərazilərindəki təbii sərvətləri talan edib”

“Aprelin 12-də keçirilmiş bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyevin toxunduğu məsələrdən biri də Ermənistanın Azərbaycan ərazisində həyata keçirdiyi ekoloji terrorla bağlı məsələsi idi. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurub, həmçinin ekoloji terror aktları törətməklə meşələri yandırıb və hərbi məqsədlərinə nail olub”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat qeyd edib ki, milli sərvət kimi qorunan Azərbaycanın təbiəti Ermənistan Silahlı Qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə tutulub: “Həmçinin, 30 il ərzində işğalda qalmış Azərbaycan ərazilərindəki təbii sərvətlər talan edilib, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, eləcə də meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz istismara məruz qalıb. Bir sözlə, Ermənistanın 30 ilə yaxın müddətdə davam edən hərbi təcavüzü nəticəsində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəyib. Təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanıb, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilib. İşğal dövründə Azərbaycan bu problemi dəfələrlə beynəlxalq ictimaiyyət qarşısında qaldırıb, lakin həmişə olduğu kimi, yenə də Ermənistana yetərli təzyiq olmayıb. Azərbaycanın bu sahədə fəallığı nəticəsində BMT Baş Assambleyası tərəfindən hələ 2006-cı ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılıb. Həmçinin, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan Silahlı Qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunub. Ancaq bu beynəlxalq hüquqi çağırışlar cavabsız qalırdı. 44 günlük müharibə dövründə də Ermənistan 30 ilə yaxın müddətdə həyata keçirdiyi ekoloji terroru davam etdirərək Şuşa meşələrində zəhərli və çətin söndürülən maddələrdən istifadə etməklə qəsdən yanğınlar törədərək nadir meşə örtüyünü məhv etməyə çalışıb. Ermənistanın işğalçı siyasətinin nəticəsi idi ki, Tərtər çayının suyundan məhrum idik. İndi isə Suqovuşan azad olunub, eyni zamanda, Qarabağdakı su ehtiyatı da ölkəmizin su tələbatını ödəyəcək. Bunun üçün yeni kanalların çəkilməsi nəzərdə tutulub”.

 

Nəzrin Cavid

Tarix: 16 Aprel 2022, 11:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin