BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmaq üçün Ermənistana “xeyir-dua” verilməlidir” – RƏY

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşməsinin Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinə əngəl olacağı inandırıcı görünmür. Görüş zamanı Azərbaycan və Ermənistan münasibətləri ilə bağlı detalların yenidən müzakirəsi istisna edilmir. Görüşün əsas məqsədi son vaxtlar Ermənistanda baş verən daxili proseslər, eyni zamanda, qondarma qurumla bağlı məsələlər, sülhməramlı qüvvələrə dair problemlər fonunda məhz Brüssel görüşündə sonra Qərbin tövsiyələrinin Rusiya ilə müzakirəsidir. Digər vacib məqam isə ondan ibarətdir ki, bu gün ATƏT-in Minsk Qrupunun həmsədrlik məsələsi sual altındadır. İndiki halda ABŞ, Rusiya və Fransanın eyni nöqtəyə vurması mümkün deyil. Yəni, Ermənistanın Rusiya ilə müzakirə edəsi mövzuları həddən artıq çoxdur”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskva səfərindən gözləntiləri barədə danışarkən deyib.

A.Nağıyev bildirib ki, Ermənistan Azərbaycanın təqdim etdiyi 5 maddəlik sülh təklifi ilə razıdırsa, bu istiqamətdə işlər icra ediləcək: "Yəni, Moskva səfərinin sülh prosesinə mane olacağını düşünmürəm. Brüssel görüşündən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında baş tutan telefon danışığı və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü bir daha göstərir ki, Paşinyanın Rusiyanın tövsiyələrinə və təlimatlarına ciddi ehtiyacı var. Nəzərə almaq lazımdır ki, Ermənistanda daxili prosesləri gərgindir, “Qarabağ klanı” qeyri-adekvat addımlar atır. Yəni, bunların lokallaşdırılması, həmçinin, sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən addımlar atmaq üçün Ermənistana “xeyir-dua” verilməlidir. Odur ki, görüş çərçivəsində həm regional, həm də beynəlxalq məsələlərin müzakirə gözlənilir. Əlbəttə ki, görüş zamanı Azərbaycan-Ermənistan münasibətləri, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması və buradan doğan nəticələrin ikitərəfli müzakirəsi də vacibdir”.

 

Nəzrin Cavid

Tarix: 19 Aprel 2022, 12:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin