BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi ciddi tarixi hadisədir” - RƏY

“Dünya azərbaycanlılarının birliyinin təmin olunması, onların istər yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, istərsə də Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi Ulu öndər Heydər Əliyevin başlıca arzularından biri olub. Ümumilli lider dünya ölkələrində Azərbaycan diasporunun formalaşması istiqamətində çox böyük işlər həyata keçirib. Bu gün həmin diaspor təşkilatlarının mütəşəkkilliyinin artması Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndərin ideyalarına sadiq olan Prezident İlham Əliyev də dünya azərbaycanlılarının fəallığının yüksəldilməsi, onların daha yaxşı təşkilatlanması üçün son illər mühüm tədbirlər həyata keçirməkdədir. Çox mühüm tarixi əhəmiyyətə malik olan Dünya Azərbaycanlılarının Qurultayı və bu qurultayda yüzlərlə diaspor nümayəndələrinin, eləcə də tanınmış ictimai-siyasi xadimlərin iştirakı göstərir ki, diaspor təşkilatlarının formalaşması, onların daha səmərəli fəaliyyət göstərməsi ölkə başçısının diqqət mərkəzindədir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi ciddi tarixi hadisədir: “Bu, hər birimizdə qürur hissi doğurur. Həmin qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək. Bu, haqq-ədalət səsimizin dünyaya daha geniş çatdırılması və dünya azərbaycanlılarının birliyi baxımından çox önəmlidir. Qurultayın baş tutacağı məkan kimi Şuşanın seçilməsi və Zəfər qurultayının bu şəhərdə baş tutması təbiidir və çox böyük önəm kəsb edir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, bu gün dünyada seçilən şəhərlərdən biridir. Ölkə rəhbərinin təşəbbüsü, Heydər Əliyev Fondunun iştirakı ilə qurultayın Şuşada həyata keçirilirməsi alqışlanır və müsbət qiymətləndirilir. Bu gün Şuşada çox möhtəşəm bərpa isləri həyata keçirilir, şəhərə yol çəkilib, işıq, su sistemi bərpa edilib və istifadəyə verilib. Şuşada “Xarı Bülbül” beynəlxalq musiqi festivalının və Vaqif poeziya günlərinin keçirilməsi, rəsm qalereyası və digər beynəlxalq əhəmiyyətli layihələrin keçirilməsi Şuşanın tanıdılmasına göstərilən qayğının ifadəsidir. Bu gün Şuşada tikinti, abadlıq və bərpa işləri uğurla həyata keçirilir. Ölkə başçısı qeyd edib ki, işgaldan azad edilmiş bütün ərazilərin, eləcə də Şuşanın bərpası çox önəmlidir. Diqqətin bir daha Şuşaya cəlb edilməsi göstərir ki, Azərbaycan xalqı öz mədəniyyətinə və tarixinə sadiqdir və həmin torpaqlarda qurub-yaratmaq imkanlarına malikdir. Şuşa bizim qürur mənbəyimiz, əyilməz qalamız və başı daim bəlalar çəkən şəhərimiz olsa da, heç vaxt əzəmətini itirməyib. Prezident İlham Əliyevin dediyi kimi, Şuşanın uzun illər işğal altında qalmasına baxmayaraq, o, əzmini sındırmayıb və qürurunu qoruyub saxlayıb. Əlbəttə ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi hər bir Azərbaycan vətəndaşında qürur və fərəh hissi doğurur”.

 

Nəzrin Cavid

Tarix: 19 Aprel 2022, 18:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin