BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: "Ermənistanda isterika yaşanır, çünki may-iyun aylarında alternativ yolun açılışı gözlənilir"

“Ənənəvi olaraq hər gün Ermənistan mətbuatını izləyirəm. Bu gün, əsasən, Paşinyanın Moskva səfəri və Laçın şəhərindən yan keçməklə yeni yolun tikintisi xəbərləri önə çıxıb. Görünən odur ki, Kreml Azərbaycan-Ermənistan münasibətlərinin tək və əsas moderatoru olmaqda israrlıdır, Brüsselin, Avropa Birliyinin bu məsələdə aktivliyindən qıcıq olur. Amma Moskvanın indiki beynəlxalq mövqeyini, izolyasiyasını nəzərə alaraq onu demək olar ki, Kreml bu işi təkbaşına bacarmayacağını anlayır. Bu məsələdə Türkiyə faktoru çox önəmlidir, çünki Azərbaycan və Türkiyə xarici siyasətdə, beynəlxalq və regional məsələlərdə, futbol dili ilə desək, “paslaşaraq” qərarlar alırlar, bunun nəticəsində bəzən rəsmi Ankara, bəzən isə rəsmi Bakı “qol” vurur. Yəni, sıx koordinasiya və maraqların tam uyğunlaşdırılması çox doğru addımlardır”.

 

Pravda.az xəbər verir ki, bu barədə siyasi ekspert Natiq Cəfərli deyib.

 

Ekspert qeyd edib ki, hazırda Türkiyə Kreml üçün vazkeçilməz “nəfəslikdir”, Moskva bunu dəqiq görür və anlayır: “Türkiyə sanksiyalara qoşulmamaqla, hava məkanını açıq saxlamaqla, Rusiyanın ehtiyacı olan, amma birbaşa sanksiyalara tuş gəlməyən sahələr üzrə təhcizatçı olmaqla Moskva üçün önəmi dəfələrlə artıb. Əlbəttə, bu önəm artdıqca Rusiyanın Türkiyədən asılılığı da artır. Yəni, Kreml bu gün bölgə ilə bağlı istədiyi ssenariləri həyata keçirməkdən çəkinməsinin əsas səbəbi AB deyil də, məhz Türkiyədir”.

 

N.Cəfərlinin sözlərinə görə, Ermənistanda isterika yaşanır, çünki may-iyun aylarında alternativ yolun açılışı gözlənilir: “Bu, çox vacib addımdır, həm 10 noyabr anlaşmasında yer aldığı üçün Rusiya və Ermənistan gedişata mane ola bilmir, həm də Azərbaycan çox sürətli iş aparır deyə Ermənistan reaksiya verməyə belə gec qalır. Alternativ yolun özəlliyi bir tək Laçın şəhərinin tam bizim nəzarətimizə keçməsi deyil, həm də Ermənistanın “laçın koridoru” (yeri gəlmişkən, “koridor” ifadəsini tərgidək, onun əvəzinə ancaq “yol” ifadəsi işlədək) adlandırdığı köhnə yoldan Xankəndinə müxtəlif kommunikasiya xəttləri gedir – işıq, qaz, internet və s. Yeni yolda isə bu kommunikasiya xəttləri olmayacaq, Xankəndi şəhərinin bütün təminatını özümüz həyat keçirəcəyik. İndi yeni yol üçün Həkəri çayı üzərindən yeni körpü tikilir, yaxınlıqda yerləşən kəndlərdən birinin sakini Sarkisyan təəccüblə deyib ki, elə bil Bakının yarısı burada işləyir, çox sürətlə çalışırlar, yəqin 1 aya işləri tamamlayacaqlar.

 

Bu gün işğaldan azad edilən bölgələrdə infrastruktur layihələrində çalışan azərbaycanlılar əsgərimizin işini, əməyini tamamlamaqla məşğuldurlar. Hökumətin əsas vəzifəsi işğaldan azad edilən bölgələrdə sürətlə işlərin görülməsi ilə yanaşı şəffaflığın da təmin edilməsi olmalıdır. Əsgərin əməyinə, işinə kölgə sala biləcək, korrupsiya ehtimalları yarada biləcək addımlar atılmamalıdır. Bu, hər birimizin boynumuzun borcu, əsgərimiz qarşısında öhdəliyimizdir”.

 

Nəzrin Cavid

Tarix: 20 Aprel 2022, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin