BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirliyin heykəllərin yuyulması işini reklam etməsi tənqid edildi: “Reklam edib gözümüzə soxmasınlar...”

“Həmişə heykəllərin yanından keçəndə ürək ağrısı ilə baxıram onlara. Bu heykəllərlə bağlı Bakı Şəhər İcra Hakimiyəti, ümumiyyətlə, hansı rayonun tabeliyindədirlərsə, o qurumlar nəzarət etməlidir. Onların lazımi texnikası olmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

 

Xalq artisti narahatlığını dilə gətirib: “Şəhərdə gəzəndə diqqət edirəm ki, bütün heykəllərin başında quşlar, göyərçinlər oturur, çirkləndirir. Bakıda da olsun 20 heykəl, nə böyük problemdir ki, onları daim təmiz saxlamaq? Özü də əksəriyyəti şəhərin mərkəzi hissəsində yerləşir. Heykəlləri təmiz saxlamaq milli, mədəni tariximizə olan hörmətdir. Hər adama heykəl qoymurlar ki?”

 

O, həmçinin son günlərdə heykəllərin yuyulmasının reklam olunmasına da münasibət bildirib: “Dünyada ən pis şey etdiyin yaxşılığı deməkdir. Bizim müqəddəs kitabımız da, peyğəmbərlər də, ağsaqqallarımız da hamısı deyir ki, insan etdiyini deməz, gözə soxmaz, bu, günahdır. Sən bir iş görürsənsə, bundan təmənna güdmə, bu, sənin işindir, sənin vəzifə öhdəliyindir. Sən bu işi görməlisən, onu niyə reklam edirsən? Bugün mənim dediyim bu şou xəstəliyi ki var ha, bu, odur. Ancaq məsələ bundadır ki, “manslar”ı, əndamı açıq qadınları başa düşdük, bunlar özlərini reklam edib karyera qururlar, bəs bu dövlət işləri ilə məşğul olanlar niyə belə işlər görür? Ümumiyyətlə, Bakıda səliqə sahmana ciddi şəkildə fikri vermək və şəhəri təmiz saxlmaq lazımdır. Hər kəs gördüyü işə görə məvacib alır və cavabdehlik daşıyır. Heç kəs gördüyü işi reklam edib gözümüzə soxmasın. Mən nə etməliyəm onda? 60 ildir xalqın mədəniyyətinə xidmət edirəm, “krişa”da yaşayıram... Danışanda sözümə qulaq asan da yoxdur”.

 

Xalq artisti Hacı Zeyanabdin Tağıyevə heykəl ucaldılmasına xüsusilə toxunub: “O vaxt Hacı Zeyanabdin Tağıyevin heykəli ilə bağlı demişdim, abidə İçərişəhər metrosunun qarşısında yetimsayağı qoyulmamalıdır. Bəzən bizim kimi insanların sözünə də qulaq asmaq lazımdır. Onun heykəli orda qala bilməz, bu, gülməlidir. O kişi Azərbaycan xalqı üçün necə böyük işlər görüb. Təklif edirəm ki, heykəl oradan götürülsün və Azərbaycan Dram Teatrının qarşısındakı parkın – “Qış parkı”nın mərkəzinə qoyulsun. O heykəlin yeri oradır, indi qoyulduğu yer yox. Yanından o tərəfə, bu tərəfə keçirlər, heç fikir verən də yoxdur. Bu nə hörmətsizlikdir, başım çıxmır. Yəni Tağıyev şəhərin mərkəzində heykəli qoyulan şairlərimiz qədər də deyil? Şairlərimizin əməyini aşağı hesab etmirəm, sadəcə, əgər onlar mədəni tərəfdən xalqımıza fayda veriblərsə, bu kişi, ümümiyyətlə, Azərbaycan xalqı üçüm misilsiz xidmətlər göstərib”.

 

Leyla Yusubova

Tarix: 20 Aprel 2022, 14:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin