BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq ictimaiyyətə göstərdi ki...”

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü və görüş sonrası səsləndirilən bəyanatda əksini tapan fikirləri tamamilə müsbət və ya mənfi qiymətləndirmək mümkün deyil. Çünki müzakirələrdə və ictimaiyyətə açıqlanan bəyanatda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi və Cənubi Qafqazdakı proseslərə təsirlər barədə həm müsbət, həm də mənfi elementlər əksini tapir”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.

 

Politoloq qeyd edib ki, müsbət elementlərdən bəziləri nə müzakirələr zamanı, nə də bəyanatda "Dağlıq Qarabağ" termininin işlədilməməsi, status mövzusuna toxunulmaması və Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların tələblərinin ardıcıllıqla yerinə yetirilməsi məsələsinin əksini tapması ilə bağlıdır: “Eyni zamanda, iki dövlət arasında münasibətlərin tənzimlənməsi və bölgədə münasibətlərin Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülən “3+3” formatı əsasında bundan sonra da inkişaf etdirilməsi ilə bağlı fikirlər səsləndirilib. Həmçinin, iqtisadi kommunikasiyaların açılması və prosesin, mümkün qədər, sürətləndirilməsi, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası prosesini həyata keçirəcək komissiyanın fəaliyyəti ilə bağlı müsbət sözlər deyilib”.

 

A.Əliyev danışıqların mənfi elementlərindən də bəhs edib. Bildirib ki, danışıqlar zamanı Vladimir Putin Qarabağ bölgəsində vəziyyətin tam normallaşması üçün kifayət qədər problemlərin olduğunu göstərib: “Bununla, iki cəmiyyət arasında münasibətlərin tənzimlənməsi üçün kifayət qədər maneələrin olduğu və belə problemlərin aradan qaldırılmasının yalnız Rusiyanın vasitəçiliyi ilə mümkünlüyü qabardılıb. Eyni zamanda, Avropa siyasi institutları tərəfindən Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli ünsiyyətin qurulması çağırışına zidd olaraq Vladimir Putinlə keçirilən görüşdə münasibətlərin bundan sonra da üçtərəfli formatda qurulması istiqamətində işlərin davam etdirilməsi bəyan edilib. Beləliklə, Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq ictimaiyyətə göstərdi ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlərin və Cənubi Qafqazdakı proseslərin tənzimlənməsində Rusiyanın rolu əvəzsiz olmalıdır. Vladimir Putin bu proseslərin gedişatının Rusiyanın iştirakı olmadan mümkün olmayacağı mesajını çatdırdı. Hesab edirəm ki, bu görüşün mənfi nəticələrindən biri də Brüsseldə keçirilən görüşlər zamanı Ermənistanın götürdüyü öhdəliklərin xatırladılmaması, əksinə Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdə əldə edilən razılaşmaların qabardılması və münasibətlərin daha çox bu istiqamətdə aparılması oldu. Nəzərə almaqla lazımdır ki, aprelin 6-da keçirilən Brüssel görüşündə Nikol Paşinyan Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul etmişdi. Həmin şərtlər iki dövlət arasında münasibətlərin normallaşmasının təməl prinsiplərini təşkil edə bilər. Bu mənada, aprelin 19-da keçirilən görüş Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesinin tempinin azalmasına xidmət edən görüş idi. Son olaraq, ötən gün baş tutan görüşdə Rusiya tərəfi Ermənistana təzyiq göstərməklə Azərbaycanla birbaşa əlaqələrin minimallaşdırılmasına və sülh prosesinin mümkün qədər gecikdirilməsinə nail olmağa çalışıb”.

 

Nəzrin Cavid

Tarix: 20 Aprel 2022, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin