BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: "Poliklinikalar sürücülük vəsiqələri üçün tibbi arayışı pulla satırlar"

"Sürücülük vəsiqələrinin verilməsi ilə bağlı tələblər əvvəllər də təxminən eyni olub, lakin hər 10 ildə bir dəfə vətəndaş tibbi arayış təqdim edirdi. Yəni, insanların psixoloji durumu, görmə qabiliyyəti, ayaqları, qolları problem yaratmır, sağlıq durumu normaldırsa, ona vəsiqənin müddətinin artırılması barədə arayış verilirdi. Nəticədə, sürücülük vəsiqəsi yenilənirdi. Sonradan isə bu, böyük "biznes"ə çevrildi və camaat həmin arayışları 40-50 manata əldə etdi. Bu gün də məhz həmin "biznes"in fəsadlarını yaşayırıq. Poliklinikalar tibbi arayışları pulla satırlar. Beləcə, yollarda sürücü mədəniyyətinin aşağı səviyyədə olmasını müşahidə edirik".

 

Bunu Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

 

Ekspertin sözlərinə görə, məhz həmin arayışların satılmasının nəticəsidir ki, hər gün avtomobilin pəncərəsindən küçəyə zibil atan, musiqiyə yüksək səs verib ətrafın diqqətini şəkildə cəlb etmək niyyətində olan, özünü maşınla reklam edən və yol qaydalarını tez-tez pozan adamlara rast gəlinir: "Belə sürücülər balaca qığılcım olan kimi bir-birlərini öldürmək səviyyəsinə gəlib çıxırlar, yol qəzaları törədirlər. Eynilə, taksi sürücüləri ilə bağlı vəziyyət də ürəkaçan deyil. Təbii ki, insanın psixoloji vəziyyəti normal olsa, belə oyunlardan çıxmaz. Bir normal sürücü niyə həmişə qırmızı işıqda keçsin və ya mütəmadi olaraq həmişə əks istiqamətdə hərəkət etsin ki?! Təklif edirəm ki, sürücülük vəsiqələrinin yenilənməsi ilə bağlı tibbi arayışlar bərpa edilsin və 10 ildən sonra vəsiqəni yeniləmək istəyən şəxsin, misal üçün, qırmızı işıqdan dəfələrlə keçdiyini əsas gətirərək tələbi rədd edilsin. Psixoloqlar da elə seçilməlidir ki, onların rəyini ciddi qəbul etmək mümkün olsun. Yox, əgər onlar da kiminsə zəngi ilə rəy verəcək, 50 manata arayış satacaqlarsa, vəziyyət çətin olacaq.  Ola bilər ki, kiminsə "qırmızı işığa" qarşı "allergiyası" var və ya piyadalara yol verə bilmir. Həmin sürücüləri sorğu-suala çəkmək, get-gələ salmaq lazımdır ki, o, reallığı başa düşsün. Bilsin ki, yaxası əllərdə qalıb. Yəni, psixoloq mənfi rəy verdiyi zaman sürücünü təcrübə imtahanından keçirmək, onu sürmə təlimlərinə cəlb etmək lazımdır. Necə olur ki, Bakıda sürücülük mədəniyyətini göstərə bilməyənlər Naxçıvanda, Türkiyədə və digər ölkələrdə normal şəkildə maşın sürüb nümunəvi sürücüyə çevrilirlər?! Deməli, çəkingənliyi olan adam qaydaları pozmur. Taksi sürücüləri soruşsa ki, "bəs mənim çörək pulum necə olacaq?", onun da cavabı var. Bir gün vurub kimisə öldürəndə sən onsuz da çörək pulundan, azadlığından, canından məhrum olacaqsan və ailən də başsız qalacaq. Belə çörək pulu qazanmaq heç kimə lazım deyil. Başqasının həyatını puç edəcəksənsə, ehtiyac yoxdur. Ona görə də nəzarət mexanizmi ciddi şəkildə həyata keçirilməlidir".

 

Nəzrin Cavid

 

Tarix: 21 Aprel 2022, 16:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin