BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vətən müharibəsi sübut etdi ki, informasiya texnologiyalarının inkişafı hərbi sferada da önəmlidir” – RƏY

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən ən vacib amillərdən biridir. İnformasiya və kommunikasiya texnologiyaları ilə dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafına da nail olmaq mümkündür. Ölkədə sağlam informasiya cəmiyyətinin qurulması uğurlu gələcəkdən xəbər verir. Ölkədə informasiya cəmiyyətinə keçidi təmin etmək üçün əlverişli şəraitin yaradılması Azərbaycan dövlətinin siyasi prioritetlərindən biridir.

 

Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, ölkədə informasiya texnologiyalarının inkişafı çox mühüm məna kəsb edən, eyni zaman siyasi əhəmiyyəti olan məsələdir.

Onun sözlərinə görə, informasiya ehtiyatlarından istifadə şəffaflığın və operativliyin təmin olunması baxımından vacib əhəmiyyətə malikdir: “İnformasiyanın düzgün emalı və lazımi istiqamətdə ötürülməsi zənciri mühümdür. Nəzərə almaq lazımdır ki, son teknoloji proseslər nəticəsində, informasiya emalı müasir texnologiyalardan istifadə edilərək aparılır. Onu da qeyd etmək istərdim ki, intellektual potensiala malik olmayan dövlətlərin nüfuzu aşağı olur. Vətən müharibəsi də bir daha sübut etdi ki, təkcə iqtisadiyyat və siyasətdə deyil, informasiya texnologiyalarının inkişafı hərbi sferada da önəmlidir. Peyk sisteminə malik, müasir informasiya texnologiyalarından düzgün istifadəni bilən ölkələrin müharibəni qazanma ehtimalı daha çoxdur. Bunun üçün dövlətin güclü kadr potensialı olmalıdır. Unutmaq olmaz ki, bugünkü dünya informasiya dünyasıdır. Hazırda informasiyaya çatmaq çətindir, ona görə də texnologiyanın inkişafı olduqca vacibdir. Fikrimcə, ciddi siyasi əhəmiyyətə malik olan informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən tədbirlər intensivləşdirilməlidir. Sözsüz ki, ölkədə bu istiqamətdə mühüm işlər həyata keçirilir. Bu, həm iqtisadi və siyasi, həm də hərbi baxımdan mühüm əhəmiyyətə malik amildir”.

 

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz də ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, son illərdə elektronlaşdırma ilə bağlı bir sıra mühüm işlər həyata keçirilib, elektron xidmətlərin sayı artırılıb və dövlət vətəndaş münasibətlərinin yaxşılaşdırılması istiqamətində vacib layihələr reallaşdırılıb: “Bəzi sahələrdə dövlət orqanları arasında inteqrasiya həyata keçirilib, lakin ölkədə görüləcək işlər görülənlərdən daha çoxdur. Dövlətin göstərdiyi təxminən minə yaxın xidmətin yarısı elektronlaşdırılıb ki, yaxın gələcək də bunun digər xidmətlərə də şamil edilməsi aktuallaşdırılmalıdır. Bundan başqa, vətəndaşlar bəzi dövlət qurumlarından elektron xidmət alanda hansısa dövlət sənədi onlardan ənənəvi kağız formasında tələb edilir. Yəni, elektron versiyası olan sənədin kağız formatının tələb edilməsi düzgün deyil. Bu, inteqrasiya prosesinin tam həllini tapmamasına işarədir. Görünən odur ki, dövlət qurumlarının məlumat bazaları arxa fonda inteqrasiya olunmayıb. Ona görə də qarşıda duran əsas vəzifələrdən biri kimi dövlətə məxsus bütün informasiya bazalarının inteqrasiyası həyata keçirilməli, vətəndaşlardan kağız formasında hansısa sənədi tələb etmək qadağan edilməlidir. Həmçinin, “ASAN imza” inhisarçılığına son qoyulmalıdır. Nəzərə almaq lazımdır ki, xidmətlərin əksəriyyəti “ASAN İmza”ya bağlıdır, o da baha və kifayət qədər mürəkkəb olduğu üçün əlçatan deyil. Ona görə də hökumət vətəndaşların əziyyət çəkdiyini nəzərə alaraq rəqəmsal imzanın tətbiqini sürətləndirməlidir. “Sima” rəqəmsal imzasının kütləviləşməsinə nail olmaq lazımdır. Bundan başqa, regionlarda elektron hökumət quruculuğu məsələsi də həllini tapmalıdır”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Nəzrin Cavid

 

Tarix: 22 Aprel 2022, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin