BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hər birimiz Vətən müharibəsində sərgilədiyimiz vəhdətin 10 qatını sərgiləməliyik” - RƏY

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir. Bu qurultayın Şuşada təşkili onu deməyə əsas verir ki, Azərbaycan çox qısa müddətdə həmin şəhərin təhlükəsizliyini tamamilə təmin edə bilib. Sevindirici haldır ki, dünyanın müxtəlif ölkələrindən Azərbaycana üz tutan soydaşlarımız Qarabağ və Şərqi Zəngəzurdakı inkişafın, sürətli yenidənqurma və bərpa prosesinin canlı şahididirlər. Hesab edirəm ki, Dünya Azərbaycanlılarının V Qurultayı soydaşlarımızın Vətənə və millətə bağlılığını qat-qat artıracaq. Bu, onlar üçün böyük motivasiya və stimul xarakteri daşıyacaq”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, qurultay Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və ölkəmizin başına gətirilən bəlalar haqda digər ölkələrə məlumatların daha dolğun ötürülməsi üçün zəmin rolunu oynayacaq: “Unutmamalıyıq ki, Prezident İlham Əliyev bütün beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərini hər zaman söyləyib, dünya azərbaycanlılarının ölkəmizə dəstək verməsi üçün koordinasiya mərkəzi yaradıb. Azərbaycan hökuməti, sözsüz ki, bu istiqamətdə mühüm işlər görüb. Şükürlər olsun ki, biz Azərbaycan Ordusunun qələbəsini diplomatik və siyasi qələbəyə çevirə bilmişik. İndi isə bunun daimi ola bilməsi üçün hər bir Azərbaycan vətəndaşı 44 günlük Vətən müharibəsində sərgilədiyi vəhdətin 10 qatını sərgiləməlidir. Azərbaycan xalqı bu yolda Prezident İlham Əliyevə daim dəstək olmalıdır. Göründüyü kimi, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı mühüm məqamlara toxunub. Prezident dünyanın müxtəlif ölkələrində azərbaycanlılara qarşı təxribatlar törətmiş, hələ də revanşist fikirlərlə yaşayan qüvvələrə xəbərdarlıq edib. Danılmaz faktdır ki, indiki Ermənistan dövləti də Azərbaycan torpaqlarında qurulub. Sovet dövründə Zəngəzur Azərbaycandan ayrılıb və Ermənistana birləşdirilib. Yəni, istənilən halda, onlar Şuşanı erməniləşdirə bilməyiblər. Bu gün Şuşanı izləyəndə, onun quruluşunu, memarlıq üslubunu nəzərdən keçirəndə aydın olur ki, ermənilər istəklərinə çata bilməyiblər. Sevinirik və qürurluyuq ki, Dünya Azərbaycanlıların V Qurultayı mədəniyyət paytaxtımız olan Şuşada keçirilir. Biz soydaşlarımızın gözündə işığı, sevinc göz yaşlarını, fəxarət hissini görürük. Doğrudan da, Azərbaycan vətəndaşlığına və Prezident İlham Əliyev kimi liderə sahib olduğumuza görə şanslıyıq. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan diasporu! Yaşasın Azərbaycan Ordusu! Eşq olsun Prezident İlham Əliyevə!”

 

Nəzrin Cavid

Tarix: 22 Aprel 2022, 15:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin