BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə “Lotu Quli”nin Bakıda qətl törədən yaxın adamı ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində istirahət mərkəzində qətl törətməkdə təqsirləndirilən İbrahim Muxtarovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, İ.Muxtarovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.


Qeyd edək ki, 2014-cü il avqustun 16-ı saat 3 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsindəki “AF Hotel Aqua Park” Ailəvi İstirahət Mərkəzinin nəzdində olan “Garden Beach” gecə klubunda bıçaqlanma hadisəsinin olması barədə polisə məlumat daxil olur. Dərhal hadisə yerinə çıxan əməliyyatçılar bıçaqlanan, Sumqayıt şəhər sakini Böyükağa Əliyevin xəstəxanaya aparıldığını və orada öldüyünü müəyyən ediblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən İ.Muxtarov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Lakin İbrahim Muxtarov istintaqdan yayındığı üçün onun barəsində məhkəmənin qərarı ilə həbsli axtarış elan edilib.


İ.Muxtarov 2017-ci il sentyabrın 24-də Gürcüstan Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Rustavi şəhərində saxlanılıb. Bolnisi Rayon Məhkəməsinin 2018-ci il tarixli hökmü ilə o, Gürcüstan Cinayət Məcəlləsinin 236-cı (odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi və saxlanılması) və 344-cü (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Tiflis Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərarına əsasən, onun Azərbaycana ekstradisiyasına razılıq verilib. Həmin il iyunun 23-ə o, Gürcüstandan Azərbaycana ekstradisiya olunaraq Bərdə Rayon Polis Şöbəsinə təhvil verilib.


İ.Muxtarovun cinayət dosyesinə nəzər salarkən məlum olub ki, o, kriminal aləmdə nüfuz sahibi imiş. Belə ki, “Vəziyyət İbrahim” ləqəbi ilə tanınan İ.Muxtarov “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamlarından biri olub.


İstintaqla müəyyən edilib ki, 2014-cü il avqustun 15-i saat 23 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsində yerləşən “AF Hotel Aqua Park” Ailəvi İstirahət Mərkəzinin nəzdində olan “Garden Beach” gecə klubunda Xəyal Quliyev Nicat Əbdülov və Eldar Əliyevlə mübahisə edib. Narazılığa Nicat və Eldarın qızlarla rəqs etməsi səbəb olub. Bunu “aydınlaşdırmaq” üçün avqustun 16-sı gecə saat 3 radələrində İbrahim Muxtarov kluba yollanıb. Xəyal Quliyev və qeyriləri ilə görüşdükdən sonra söhbət edə-edə dəniz kənarına gəliblər.


İ.Muxtarov Nicat Əbdülova özünü Sumqayıt şəhərində “vəziyyətə baxan” kimi təqdim edərək, rəqs meydançasında Xəyal Quliyevə qarşı etdiyi hərəkətləri ilə bağlı izahat verməsini tələb edib. Bir neçə dəfə təhqiramiz tərzdə Nicat Əbdülovun, eləcə də onu müdafiə edən Böyükağa Əliyevin sözünü kəsərək, onlara kobud şəkildə haqsız olduqlarını bildirib. Xəyal Quliyev qəflətən Nicat Əbdülovun sifətinə yumruq vurub. Böyükağa Əliyev buna iradını bildirdikdə İ.Muxtarov onunla əlbəyaxa olub. Cibindən çıxardığı bıçaqla 2 dəfə zərbə vuraraq, zərərçəkmişi öldürüb.


İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Muxtarov cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov 

Tarix: 27 Aprel 2022, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin