BURADA REKLAMINIZ OLA
BİLƏR

Abutalıb Səmədov: “Bu uğurların qazanılmasında həlledici amillərdən biri Rusiyanın neytral mövqedə olmasıdır”

“Azərbaycan 2014-cü ildən başlayaraq Ukraynanın ərazi bütövlüyünü daim müdafiə edib və heç zaman nə Krımın, nə də Donbassa daxil olan vilayətlərin Rusiya tərəfindən işğalını qəbul edib. Lakin 2014-cu ildə BMT-də səsvermə keçirilərkən Ukraynanın ərazi bütövlüyünə səs verən Azərbaycan ondan sonra Rusiyanı pisləyən qətnamələrin heç birinin səsverməsində iştirak etməyib. Eynilə, BMT-nin Ukrayna ilə bağlı son üç səsvərməsinə də qatılmayıb. Nəzərə almaq lazımdır ki, Azərbaycanın hələ də gündəlikdən çıxara bilmədiyi Qarabağ kimi problemi var”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzü: Avropa Şurasının rolu və cavabı” adlı qətnamə barədə danışarkən deyib.

 

Partiya sədri qeyd edib ki, Rusiyanın həlledici gücə malik olması təəssüf doğurur: “Azərbaycan rəhbərliyi ilk növbədə dövlət maraqlarını düşünməyə məcburdur. Bəzilərinin iddia etdiyi kimi, Azərbaycan ədalət prinsipini əsas götürüb Rusiyanı pisləyən bütün qətnamələrə səs versəydi, dünyada və Azərbaycanda olan müəyyən qruplar bizi alqışlayardı, amma Qarabağla bağlı ciddi problemlərlə üzləşərdik. Son iki ildə Azərbaycan dövlətinin bu istiqamətdə çox ciddi uğurlar əldə etdiyini unutmaq olmaz. Əlbəttə ki, bu uğurların qazanılmasında həlledici amillərdən biri Rusiyanın neytral mövqeyə çəkilməsidir. Bir vaxtlar Ermənistanı açıq şəkildə müdafiə edən Rusiya daha sonralar əksər mövzularda neytral, Qarabağ məsələsi ilə bağlı isə Azərbaycana daha yaxın mövqedən çıxış edir. Biz əlimizdən gələni etməliyik ki, Qarabağ məsələsini gündəlikdən tamamilə çıxaraq və Azərbaycanın bütün ərazilərində suverenliyi tam təmin edək”.

 

Qeyd: “Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzü: Avropa Şurasının rolu və cavabı” adlı qətnamə layihəsinin lehinə azərbaycanlı deputatlardan yalnız deputat Erkin Qədirli səs verib.

 

Nəzrin Cavid

Tarix: 28 Aprel 2022, 17:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin