BURADA REKLAMINIZ OLA
BİLƏR

"Prezident İlham Əliyev münaqişənin bütün mərhələlərində sülhün tərəfdarı olduğunu nümayiş etdirib" - RƏY

"Prezident İlham Əliyev təkcə ötən gün ADA universitetində təşkil edilmiş beynəlxalq konfransda deyil, münaqişənin bütün mərhələlərində sülhün tərəfdarı olduğunu nümayiş etdirib. Prezident Qarabağ münaqişəsinin hər zaman sülh yolu ilə həllinə çalışıb. Doğrudan da, biz hər zaman sülhün tərəfdarı olmuşuq və heç vaxt digər dövlətlərin torpaqlarına göz dikməmişik. Təəssüf ki, bütün bunlara baxmayaraq, Azərbaycan torpaqları təcavüzə məruz qalaraq uzun müddət işğal altında qalıb. Nəhayət, beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupunun dəstəyi olmadan Azərbaycan ordu, xalq və hakimiyyət birliyi sayəsində münaqişəni təkbaşına həll edib. Azərbaycan bu gün də sülhün tərəfdarıdır və bu barədə təkliflərini Ermənistana dəfələrlə nümayiş etdirib".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

 

Deputat qeyd edib ki, Prezident Azərbaycanın sülh tərəfdarı olduğunu və münaqişənin yenidən alovlanmasını istəmədiyini bir daha bildirib: "Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu gün Ermənistanda revanşist qüvvələr hələ də var. Prezident xarici ölkələrin nümayəndələri, ayrı-ayrı universitetlərin təmsilçiləri qarşısında dönə-dönə xatırlatdı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib, haqqı, ədaləti təmin edib. Biz bu gün Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasının tərəfdarıyıq. Azərbaycan region dövlətlərinin əmin-amanlıq şəraitində yaşamasını istəyir və buna çalışır. Ona görə də bu gün Ermənistanın növbəti müharibə cəhdi onun tamamilə məhv olmasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan iqtisadi və siyasi cəhətdən böhran içindədir. Lakin bundan sonra beynəlxalq hüquq normalarına əməl edərək qonşu dövlətlərlə münasibətləri normallaşdıraraq müəyyən inkişafa nail ola bilər. Cənab Prezidentin ötən günkü çıxışından irəli gələn bu müddəalar Azərbaycandan daha çox Ermənistana lazımdır. Prezident qeyd etdi ki, bizim iqtisadi inkişafımız göz qabağındadır və beynəlxalq aləmdə gücümüzü möhkəmləndirmişik. İşğal dövründə Azərbaycanın haqq səsini eşitməyən beynəlxalq təşkilatlar dövlətimiz qalib gələndən sonra üzlərini bizə çeviriblər. Belə olan halda, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın başqa çıxış yolu yoxdur, Azərbaycanla Ermənistan arasında sülh sazişi mütləq imzalanmalıdır. Qısacası, Prezident İlham Əliyev ötəngünkü çıxışı ilə bir daha nümayiş etdirdi ki, regionun lider ölkəsidir və uzunmüddətli sülhün bərqərar olmasında təşəbbüskardır".


Nəzrin Cavid

Tarix: 30 Aprel 2022, 12:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin