BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Təhsil alırıq ki, əsgərliyə getməyək, belə olmamalıdır”

“Azərabaycandakı təhsli sistemi məni olduqca narahat edir. Təkcə “Təhsil haqqında” qanunun hazırlanmasına 10 il vaxt sərf etdik. “Ümumi təhsil haqqında”, “Ali təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” qanun qəbul etdik, lakin təhsilimiz irəli getmədi ki, getmədi. Bunun səbəbi nədir? Axı biz görürük ki, dövlət təhsil sisteminə milyardlarla pul ayırır. Lakin təhsil yox, fərdi hazırlaşmalar hesabına kimsə ali məktəbə daxil olur, xaricdə oxuyur...”

 

Bunu Pravda.az-a təhsil sistemindəki boşluqlar barədə danışarkən Milli Məclisin Deputatı Tahir Kərmli bildirib.

 

T.Kərimli təhsil sistemindəki problemləri sadalamaqla yanaşı, təkliflərini verib: “Təhsil sisteminə bu qədər pulun ayrılmasına baxmayaraq o yerindən tərpənmir. Biz sovet təhsil sistemindən çıxdıq. Sovet təhsil sistemi isə, yəni Rusiyanın tətbiq etdiyi sistem alman təhsilinin təsirindən yaranıb. Burada əsas təlim, tərbiyə və təhsil vahid bir kompleks halında idi. Ona görə də təhsil sistemi hər şeydən əvvəl gələcəkdə elmə çevrilməsi üçün bilik, intizam verirdi, çünki dövlət intizamsız yarana bilməz və insanlar arasında doğru-düzgün münasibətlər olması üçün tərbiyə verirdi. Biz bu təhsil sistemini aradan çıxardıq. Ali təhsildə “Boloniya” sistemi və digər bu kimi sistemlər tətbiq etdik. Onlar isə Azərbaycanda yer tuta bilmədilər. Hər kəs özünə oxşamalıdır, həmçinin dövlət də. Hər bir dövlətin özünəməxsus təhsil konsepsiyası olmalıdır. Biz həmişə kənara, başqalarına baxıb nəyisə tənzimləmək istəyəndə, təbii ki, öz mahiyyətmizdən qopacağıq. Dünyada bütün canlılar, bitkilər, heyvanlar, insanlar hamısı ibtidaidən aliyə doğru gedir. Rüşeymdən əmələ gəlib böyüyürlər. Ona görə də təhsilin rüşeymi olmadan gələcəkdə ali təhsil də, elm də axsayacaq. Ölkədə nə qədər avtomobil, texniki avadanlıq var. Bunların hansı birini biz yaratmışıq? Ümumiyyətlə, hansı birini müsəlmanlar və yaxud biz azərbaycanlılar yaratmışıq? Epizodik halları çıxmaq şərtilə. Məsələn, İkinci Dünya müharibəsində qarşımıza yüksək oktanlı benzin hazırlanması məqsəd kimi qoyulmuşdu və Azərbaycan bunun öhdəsindən gəlmişdi. İndi isə bizim təhsili elmə çevirmək kimi bir niyyətimiz yoxdur. Biz təhsil alırıq ki, əsgərliyə getməyək, gələcəkdə diplomumuz olsun, qızlarımızı diplomlu köçürək. Təhsil alırıq ki, diplomun mahiyyəti olmadan tanışlıqla  və yaxud qohum vasitəsilə hansısa vəzifəyə təyin etsinlər. Axı bununla iş getməz. Məsələ ondadır ki, hər şey gələcəyə bağlıdır, yəni təhsil də gələcəyə bağlı olmalıdır. Təhsilin nəticələri elm tutumlu olmalıdır. Elm xadimləri, müəllimlər yüksək əmək haqqı almaldır, yüksək intizam yaranmalıdır. Keçmişimizdən qopmadan gələcəyimizi yaratmalıyıq. Hesab edirəm ki, Azərbaycanın gələcəyini təmin etmək üçün bir il vaxt verilməlidir və bu müddət ərzində ciddi yeni təhsil konsepsiyası hazırlanmalıdır. Biz parazit millət olmaqdan, xammal, neft, qaz, pambıq satıb dolanmaqdan çıxmalıyıq. Gələcəyimizi elmlə təmin etməliyik, elmə qatqımızı verməliyik. Elmlə, təhsillə gələcəyi qurmalıyıq. Övladlarımızı oxudub təhsilli etməliyik. Qeyd etdiyim ki, təhsil yalnız elm məsələsi deyil, eyni zamanda, intizam məsələsidir. Məsələn, sovet təhsil sistemində idmanla məşğul olurdular, mədəni tədbirlərdə iştirak edirdi insanlar. O zaman insanların başı qarışırdı, həm də sağlamlıqları ilə məşğul idilər. Teatrlar, filmlərə gedirdilər... İndi isə bu sahədə boşluq var. Yaranan ideoloji boşluğun yerini isə narkomaniya, avaralıq, ifrat dini cərəyanlar və digər bu kimi hallar tutub. Biz Azərbaycan cəmiyyətini gələcəkdə həm əqli, həm fiziki sağlam olmasını, cəmiyyətdəki münasibətlərin dürüst olmasını, sağlam ailələrin yaranmasını istəyiriksə, təhsilə ciddi yanaşmalıyıq, çünki bunların hamısının təməlində təhsil dayanır. Bu səbəbədən də təcili yeni təhsil kobsepsiyası yaranmalı və bunun əsasında da qanunvericlik aktları hazırlanmalıdır”.

Tarix: 30 Aprel 2022, 13:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin