BURADA REKLAMINIZ OLA
BİLƏR

Məlahət İbrahim qızı: “Prezidentin çıxışının hər cümləsi güclü ruh yüksəkliyi və sonsuz Vətən sevgisi aşılayır”

“Bu günlərdə iyirmi üç il əvvəl, hətta ölkəmizin ən çətin vaxtlarında çağdaş dövlətimizin qurucusu Ulu öndər Heydər Əliyevin Fərmanı ilə yaradılmış Xüsusi Təyinatlı Qüvvələrin 23-cü ili qeyd edilirdi. Minnətdarlıqla qeyd etmək lazımdır ki, biz Azərbaycan xalqının xilaskarı Ulu Öndərimizin  xalqımız qarşısında misilsiz xidmətlərinin hər keçən gün şahidi oluruq. Ulu Öndər bilirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmasa, qələbə qazandıran savaş və güclü ordu lazımdır. Buna görə də dövlətimizin imkanları nə qədər zəif olsa da, ordunun yüksək standartlar əsasında inkişaf etdirilməsi əsas məsələlərdəndir. Məhz 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrində xüsusi hərbi birləşmə olan Xüsusi Təyinatlı Qüvvələrin yaradılması da bu zərurətdən idi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahim qızı deyib.

 

Deputat qeyd edib ki, bu gün Xüsusi Təyinatlı Qüvvələrin ildönümünü qeyd edərkən, xüsusilə bu qüvvələrin Vətən müharibəsində, eləcə də Şuşanın azad edilməsində əfsanəvi şücaətlərini xatırladıqca bir daha dövlətin uzaqgörən qurucusunu ehtiramla xatırlayır: “Məhz İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm Zəfərdə Xüsusi Təyinatlı Qüvvələrin əvəzsiz rolu var. Mətbuatda verildiyi kimi, Xüsusi Təyinatlı Qüvvələrin öz qərargahlarında keçirilən 23-cü ildönümünə həsr edilmiş tədbirə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev də qatılıb və çıxış edib. Müzəffər Ali Baş Komandanımız ötən dövr ərzində Xüsusi Təyinatlı Qüvvələrin şərəfli yol keçdiyini, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək tarixi Zəfərimizin əldə olunmasında rəşadət göstərdiklərini qeyd edib. O, yaxın keçmişə nəzər salaraq, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəblərini, həmin dövrdə hakimiyyəti zəbt etmiş təsadüfi ölkə rəhbərliyinin ordu quruculuğu sahəsində vəzifələrinə biganəliklərini, Şuşanın, Laçının, Kəlbəcərin işğal altına düşməsinin də əsas səbəbinin bundan qaynaqlandığını bildirib. Möhtərəm Prezident, həmçinin, Ümummilli liderin ordu quruculuğu sahəsində gördüyü işlərə toxunaraq onun bu sahədəki əvəzsiz xidmətlərini xatırladıb. Dövlətimizin başçısı Azərbaycan Ordusunun dünyanın güclü orduları arasında olmasını və hər kəsin Aprel döyüşlərində ordumuzun gücünü görməsinin şahid olmasını, Aprel döyüşlərinin işğalçılar və eləcə də onları dəstəkləyənlər üçün mesaj və dərs olduğunu qeyd edib. Prezident İlham Əliyev çıxışında Xüsusi Təyinatlı Qüvvələrin Aprel döyüşlərindəki qələbədə çox böyük xidmətlərinin  olduğunu vurğulayıb. Lakin reallıqdır ki, nə təcavüzkar Ermənistan, nə də onların havadarları Aprel döyüşlərindən dərs çıxara bildilər. Əksinə, daha da azğınlaşdılar. Hətta o qədər azğınlaşmışdılar ki, bu işğalçı dövlətin Baş Naziri utanmadan  “…Qarabağ Ermənistandır” deməklə və yeni ərazilər uğrunda yeni müharibəyə hazırlıq bildirməklə vəziyyəti daha da ağırlaşdırmışdı. Çox təəssüf ki, həmin vaxt riyakar beynəlxalq təşkilatlar lal və kar olaraq fəaliyyətsizlik nümayiş etdirirdilər. Sözsüz ki, Azərbaycan xalqı və xalqın siyasi iradəsini təmsil edən möhtərəm Prezidentimiz heç vaxt işğalla barışa bilməzdi. Əslində, beynəkxalq təşkilatlar, təcavüzkar Ermənistan və onun arxasındakı qüvvələr möhtərəm Prezidentimizin cavabını “…Qarabağ Azərbaycandır və nida” mesajını anlamadılar. İndi fəxrlə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində Müzəffər Silahlı Qüvvələrimizin qəhrəmanlığı və qazandığımız əzəmətli qələbədən sonra düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Möhtərəm Prezidentimiz çıxışında qeyd etdi ki, bütün bunlar danışıqlar hesabına deyil,  güc hesabına, qüdrət hesabına, xalqın öz lideri ətrafındakı qranit birliyini əks etdirən dəmir yumruq hesabına baş verib”.

 

M.İbrahim qızının sözlərinə görə, həmin tədbirdə Ali Baş Komandan bir daha vurğulayıb ki, bu gün əsas məqsəd və hədəf Azərbaycanda daha güclü ordu quruculuğu prosesini davam etdirməkdir: “İldən-ilə dövlət büdcəsində hərbi xərclərin artırılması, silahlı birləşmələrdə islahatların aparılması, yeni hərbi birləşmələr yaradılması buna misaldır. Sözsüz ki, bütün bunların sayəsində Azərbaycan Ordusu daha da güclənir. Fəxrlə deyə bilərik ki, Ordumuz müharibə dövründəkindən daha güclü və qüvvətlidir. Qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz Xüsusi Təyinatlı Qüvvələrin yaranması günü keçirilən bu tədbirdə şəxsi heyət qarşısındakı çıxışında bir daha Vətən müharibəsinin xalqımızın şanlı tarixi olduğunu vurğuladı. O, bu müharibədə Azərbaycan xalqının ordusuna necə dayaq və arxa olmasını, Azərbaycan xalqının, eləcə də dünya azərbaycanlılarının bütöv bir vəhdət təşkil etməsini və bütün ölkə vətəndaşlarının birləşdiyini qeyd etdi. O, məhz bu birliyin rəmzi olan “Dəmir yumruğ”un düşmənə vurduğu sarsıdıcı zərbə nəticəsində düşmən ordusunun tamamilə məhv olduğunu və  təcavüzkarın hələ də özünə gələ bilmədiyini xatırlatdı. Bu gün hər bir azərbaycanlı işğalçı Ermənistan ordusuna məxsus məhv edilmiş hərbi inventarların qalıqlarını Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında görə bilər. Həqiqətən də 44 gün ərzində 300-dən çox şəhər və kəndin düşməndən azad edilməsi böyük rəşadətdir. Bütün dünya ictimaiyyətinə döyüş meydanında qəhrəman Milli Ordumuzun vətəninə sonsuz sevgisi olan əsgər və zabitlərinin qan tökərək, şəhidlər verərək Zəfər qazandığı məlumdur. Bu mənada Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələrinin tarixi Zəfəri xalqımızın tarixində əbədi qalacaq, Azərbaycan xalqı tarixdə müzəffər xalq kimi əbədi yaşayacaq. Möhtərəm Prezidentimiz bu sevinci və şərəfi bizə bəxş edən Azərbaycan xalqının övladlarının, əsgər və zabitlərinin heç vaxt unudulmayacağını qeyd etdi. Ali Baş Komandanımız xüsusi təyinatlıların Vətən müharibəsindəki qələbədəki paylarından Azərbaycan xalqının xəbərdar olduğunu, onlara minnətdar olduqlarını da ifadə etdi. O, Xüsusi Təyinatlı Qüvvələrin müharibənin ilk günlərindən kəndlərimizin azad olunmasında beş-altı müdafiə xəttini öz sinəsi ilə necə yarmalarını, qan tökərək, şəhidlər verərək tarixi Zəfərin əldə edilməsindəki misilsiz fədakarlıqlarını dəfələrlə səsləndirdi. Prezident ordumuzda müharibə boyu bir nəfər belə fərarinin olmamasını, ancaq irəli getməsini fəxrlə səsləndirdi. Möhtərəm Ali Baş Komandanımız Xüsusi Təyinatlı Qüvvələrin xidmətini qeyd edərkən bütün əsas həlledici əməliyyatlarımızda onların ön sırada olmalarını, şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların Şuşanın fəthindəki, Hadrud əməliyyatındakı əvəzedilməz xidmətlərini minnətdarlıqla qeyd edərək, onları bizim aslanlarımız, igidlərimiz adlandırdı. Onların keçilməz  dərələrdən, meşələrdən, cığırlardan necə keçdiklərinin fədakarlıq olduğunu bildirdi. Prezidentimiz müharibə vaxtı səsləndirdiyi   “…Mən müharibə zamanı demişdim, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın, bizim Qarabağın tacı olan əziz şəhərimizin erməni tapdağından azad olunması idi və buna nail olduq, buna siz nail oldunuz, xüsusi təyinatlılar nail oldu. Neçə gün yorulmadan, əlində yüngül silahlarla o dərələrdən, meşələrdən keçərək Şuşaya yaxınlaşdı bizim igidlərimiz. Yol boyunca bir çox kəndi azad etdi, qan tökdü, şəhidlər verdi, amma dayanmadı, irəliyə getdi.”   fikirlərini bir daha təkrarlaması tədbir iştirakçılarına duyğu və fəxr dolu anlar yaşatdı. Minnətdarlıqla qeyd etməliyik ki, müharibədən keçən bir il yarım müddətdə Şuşaya gələn hər kəs bu alınmaz qalanın azad olunmasını əfsanə və sözün əsl mənasında şücaət adlandırır. Möhtərəm Prezidentimizin “…Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı - yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər…” fikirlərini səsləndirməsi sözsüz ki, Xüsusi Təyinatlılarımıza yeni güc verərək, ruhlandırmaqla, onların Vətən, Dövlət və Ali Baş Komandan qarşısında bir daha məduliyuətlərini artırır. Əslində möhtərəm Ali Baş Komandanımızın hər bir çıxışı gənclərimizin, xüsusən də hərbi məktəblərdə oxuyan kursantlar, hərbi xidmətə gedən əsgərlərimizin vətənpərvər və milli ruhda formalaşmasında əvəzsiz mənəvi silahdır və tədris olunmalıdır. Onun çıxışının hər cümləsi damarında azərbaycanlı qanı axan hər kəsdə güclü ruh yüksəkliyi və sonsuz Vətən sevgisi aşılayır”.

 

Nəzrin Cavid

Tarix: 2 May 2022, 11:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin