BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Paşinyanı devirməyə çalışan iki quldurun - Koçaryan və Sarqsyanın ilhamverici mərkəzi şimalda yerləşir”

“Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana qarşı birləşib. Belə olan halda, Paşinyan devrilə də bilər, amma nəzərə almaq lazımdır ki, onun tərəfdarları da olduqca çoxdur. Hesab edirəm ki, bu gün Paşinyana qarşı birləşən müxalif qüvvələrin əsas başçısı “Qarabağ klanı”dır. Başda Robert Koçaryan və Serj Sarqsyan olmaqla, onların hər biri hərbi cani, cinayətkar və terrorçudurlar”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

 

Deputat qeyd edib ki, adını çəkdiyi iki quldurun ilhamverici mərkəzi şimalda yerləşir: “Təbii ki, həmin mərkəzin Moskva olması heç kimə sirr deyil. Yəqin, növbəti göstəriş də məhz Moskvadan gəlib. Ermənistanda revanşist olmayan, müharibə istəməyən qüvvələr də var. Belə olan halda, onlar müqavimət göstərməli və qalib gəlməlidirlər. Nəzərə almaq lazımdır ki, hazırda Ermənistan müxalifətini Paşinyanın ölkəni satmaqda, erməni xalqına xəyanət etməkdə günahlandırırlar. Yəni, onların əsas məqsədi Türkiyə və Azərbaycanla əbədi düşmənçilik yolunu tutmaq, qərəzli ərazi iddialarını ortaya atmaq və yeni müharibələrə hazırlaşmaqdır. Erməni xalqı da onların dalınca düşüb, bu istiqamətdə hərəkət etsələr, yəqin ki, axırı yaxşı olmayacaq. Nəticədə, Ermənistan daha çətin günlərlə üz-üzə qalacaq. Bir neçə gün öncə, cənab Prezident İlham Əliyev beynəlxalq konfransda da bu məsələlərə toxundu. Təəssüf ki, onların bu davranışları Azərbaycan və Türkiyəni daha ciddi və sərt addımlar atmağa məcbur edir. Bu da, əlbəttə ki, Ermənistanın və erməni xalqının xeyrinə deyil".

 

Nəzrin Cavid

 

Tarix: 2 May 2022, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin