BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşağa atanın, yoxsa ananın soyadı verilməlidir? – Əkrəm Həsənovdan açıqlama

“Azərbaycanın Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən, uşağın soyadı ya atanın, ya da ananın soyadı ola bilər. Bu onların arasında razılaşdırılmalıdır. Əgər valideynlər bunu razılaşdıra bilmirlərsə, onda bu məsələyə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları baxır. Bizdə qanun belədir, ancaq mən heç vaxt bunu anlamamışam. Həmçinin eyni məsələ uşağın adına da şamildir. Burada diqqəti çəkən məqam odur ki, himayə orqanı bu mübahisəni necə həll edəcək. Yəni uşağa kimin soyadı veriləcək? Bunu başa düşmək çətindir. Püşk atacaqlar soyadı müəyyənləşdirmək üçün? Hansı meyara görə, hansı valideynin soyadını seçəcəklər ki? Burada hansı valideyinə üstünlük veriləcək? Belə olan halda uşağa ikili soyad verilməlidirmi? Amma bu halda da mübahisə çıxa bilər ki, birinci hansı soyad göstərilməlidir. Yəni bu sonu görünməyən bir mübahisədir”.

 

Bu fikirləri Pravda.az-a tanınmış vəkil Əkrəm Həsənov İtaliyada uşağa ata soyadının verilməsi qərarının ləğvi məsələsinə münasibət bildirərkən deyib.

 

Ə.Həsənov bildirb ki, cəmiyyətlərdə öz təsdiqini tapmış ata soyadının verilməsi və istifadə olunması məqbul haldır: “Belə ki, bu hər yerdə bu şəkildə qəbul edilib. Təbii ki, valideynlər qarşılıqlı razılıq əsasında nə istəyirlərsə, onu da soyad kimi qəbul edə bilərlər, ancaq razılıq yoxdursa, qanunda yazılmalıdır ki, uşaq atanın soyadını daşımalıdır. Gender bərabərliyi yaxşı bir şeydir, amma belə ifrata varanda bunun həlli yoxdur. Ənənəyə sadiq olmaq lazımdır. Qərbdə, İtaliyada başqa ənənələr var. Bizdə də belə bir hal var ki, qadın evlənəndə ərinin soyadını qəbul edir, lakin bu qanunla belə deyil. Qanunla o, öz soyadını saxlaya da bilər, dəyişə də bilər. Baxın, bu, diskriminasiyadır. Qadın niyə soyadını dəyişib, ərinin soyadını götürməlidir ki? Bunu başa düşmək olmur və eyni zamanda bunun heç bir mənası yoxdur. Hər kəs öz soyadında qalsın, ümumiyyətlə, niyə dəyişilməlidir ki? Burada kişi deyə bilməz ki, sən mənim soyadımı götürməlisən, yəni belə bir ənənə də yoxdur. Şərq ölkələrində,  ümumiyyətlə, soyad yoxdur, daha doğrusu heç zaman olmayıb, son yüz illikdir ki, var. Bizə bu soyad dəyişmək məsələsi Qərbdən gəlib. Əsl diskriminasiyadır, çünki burada seçim var, başqa yol var. Ancaq uşağın soyadında məsələ fərqlidir. Yəni bu məsələdə mübahisə düşübsə, nə etmək lazımdır? Bu suala kim cavab verə bilər ki, bu mübahisə necə həll olunsun. Ona görə də qayda olmalıdır. Bu baxımdan da bizdə Ailə Məcəlləsində göstərilən maddə məsələni tam əhatə etmir”.

 

Leyla

Tarix: 4 May 2022, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin