BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR-ın vəzifəli şəxsinə qarşı yarım milyona yaxın dələduzluq edildi - DETALLAR

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavanşir Rzayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

İş üzrə mülki iddiaçı olan zərərçəkmiş Nuru Quliyevin iddia ərizəsi qismən təmin olunub.

 

Hökmdə qeyd edilib ki, mülki cavabdeh təqsirləndirilən şəxs vurulmuş maddi ziyanla bağlı 403 500 manat və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1 000 manat məbləğində pul tutularaq mülki iddiaçı xeyrinə ödənilsin.

 

Zərərçəkmiş şəxs mülki iddiasının qalan hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilib.

 

İttihama görə, Cavanşir Rzayev 2018-ci ildə istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə hüquq verən və ya vəzifədən azad edən digər rəsmi sənədi istifadə etmək üçün saxtalaşdırmaqla qanunsuz hazırlayıb. Daha sonra o, həmin saxta sənədlə tanışı Nuru Quliyevə məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 2,7 hektar sahəsini əhatə edən torpaq sahəsinə əlavə 0,3 hektar torpaq sahəsi ilə birlikdə ümumilikdə 3 hektar torpaq sahəsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququna dair çıxarışın alacağını yalandan vəd edərək aldadıb. Cavanşir Rzayev buna görə zərərçəkmişdən 260 000 manat nağd pulunu alıb.

 

Bundan başqa o, Nuru Quliyevin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində digər 3 hektar torpaq sahəsini göstərib sənədləşdirdikdən sonra baha qiymətə satıb qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadıb, 2018-ci il aprel ayının əvəllərində 13 600 manat təşkil edən 8 000 ABŞ dolları, 2018-ci ilin may ayının ortalarında isə qeyd olunan yerdə 35 000 manatı - ümumilikdə 118 600 manat nağd pulunu alıb etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirib.

 

Bundan başqa Cavanşir Rzayev təkrarən, Nuru Quliyevin Xaçmaz rayonunun Zeyxur kəndi ərazisində yerləşən 200 hektar torpaq sahəsinin alqı-satqısına dair zəruri sənədlərin hazırlamasına dair yalan vəd verib aldadıb, 2018-ci ilin may ayının ortalarında 30 000 manat nağd pul alıb.

 

Ümumilikdə o, zərərçəkmişə 408 600 manatlıq dələduzluq edib. Cavanşir Rrayev məhkəmədə ifadəsində özünü təqsirli bilməyib. Məhkəmədə Nuru Quliyev zərərçəkmiş şəxs qismində ifadə verib. O, dindirilən zaman deyib ki, 1999-cu ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) müxtəlif vəzifələrdə çalışıb, hazırda da SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəis müavini vəzifəsində çalışır. O, məhkəmədən dəymiş ziyanın ödənilməsini tələb edib.

 

Cinayət materiallarında qeyd edilib ki, Nuru Quliyev təqsirləndirilən şəxsə pulu SOCAR-ın inzibati binasının qarşısında verib.

 

Kamal Məmmədov

Tarix: 4 May 2022, 14:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin