BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Tezliklə Qarabağ və Şərqi Zəngəzuru birləşdirən vahid nəqliyyat şəbəkəsini qura biləcəyik”

“Ötən gün Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndənin təyin olunması ilə bağlı Prezident İlham Əliyevin keçirdiyi görüş zamanı vacib məqamlara toxunuldu. Biz unutmamalıyıq ki, Zəngilan rayonu işğaldan azad edilmiş digər rayonlar kimi böyük dağıntılara məruz qalıb, daşı daş üstündə saxlamayan erməni quldurları rayonun hər tərəfini talan edib. Faktiki olaraq, Zəngilan rayonunda cəmi 1-2 normal şəraiti olan bina qalmışdı ki, onlardan da Ermənistan hərbçiləri istifadə edirdi. Prezident İlham Əliyev ötəngünkü çıxışı zamanı Zəngilan rayonunun önəmini xüsusi vurğuladı, həmçinin keçmiş məcburi köçkünlərin qayıdacağı ilk ərazinin Zəngilan rayonunun Ağalı kəndi olduğunu bildirdi. Ağalı kəndi, çox ehtimal ki, yaxın aylarda məskunlaşma üçün hazır vəziyyətə gətiriləcək. Keçmiş məcburi köçkünlər ilkin olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ümumi ərazisi üzrə məhz Ağalı kəndinə köçürüləcəklər. Ona görə də Zəngilan rayonunun önəmi böyükdür”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat qeyd edib ki, keçmiş məcburi köçkünlər Zəngilan rayonunun timsalında digər yeni kənd, şəhər və qəsəbələrə də qayıdacaq və orada məskunlaşacaqlar: “Zəngilan rayonunda böyük infrastruktur layihələrinin icrasına başlanılıb. Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu da məhz həmin rayonunun ərazisindən keçir. Həmçinin, Zəngilanda beynəlxalq hava limanının da tikilib istismara verilməsi planlaşdırılıb. Rayonunun ərazisi beynəlxalq əhəmiyyətinə görə böyük maraq kəsb edir, ərazidən keçən həm dəmir yolu, həm də avtomobil yolu nəinki Azərbaycanı əsas hissəsi olan Naxçıvanla birləşdirəcək, eyni zamanda beynəlxalq yükdaşımalar üçün də yeni imkanlar yaradacaq. İnşallah, biz tezliklə bütün Qarabağ və Şərqi Zəngəzuru birləşdirən vahid nəqliyyat şəbəkəsini qura biləcəyik”.

 

N.Həmzəyev bildirib ki, işğal dövründə Azərbaycan əhalisinə və tarixi abidələrə qarşı həyata keçirilən vandalizm siyasətini, ermənilərin ekoloji terror faktlarını unutmaq olmaz: “Ermənilər Oxçuçay vasitəsilə Azərbaycan ərazilərini və Zəngilanda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunu məhv etməyə çalışıblar. Nəzərə almaq lazımdır ki, Bəsitçay Dövlət Təbiət Qoruğu Avropanın ən təbii çinar meşələri hesab edilir. Elə buna görə də ermənilər həmin meşəliyi qəsdən məhv etməyə çalışırdılar. Lakin Azərbaycan dövləti işğaldan azad edilmiş bütün ərazilərin yaşıllıq örtüyünü bərpa edəcək və həmin əraziləri əvvəlki görkəminə qaytaracaq. Nəhayət, ermənilər törətdikləri bu ekoloji terrora görə təzminat ödəyəcəklər. Təyin olunmuş xüsusi nümayəndənin görəcəyi işlər də çoxdur, çünki Zəngilan rayonunda çox böyük potensial, həmçinin turizm imkanları var. Hesab edirəm ki, yeni təyin olunmuş nümayəndə bu şərəfli və məsuliyyətli işin öhdəsindən layiqincə gələcək”.

 

Nəzrin Cavid

Tarix: 5 May 2022, 11:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin