BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qarabağa köçən vətəndaşlar əvvəlkindən də qat-qat firavan həyat yaşayacaqlar”

“Prezident İlham Əliyev torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərə dəfələrlə səfər edib. Ölkə başçısı səfərlər zamanı işğaldan azad edilmiş ərazilərdə ictimaiyyət nümayəndələri ilə görüşüb, yenidən qurulacaq şəhər və kəndlərin memarlıq görkəmi ilə bağlı onların fikirlərini dinləyib. Bir ildən artıqdır ki, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinə start verilib. Əlbəttə ki, kənd və şəhərlərin bərpası əvvəlcədən hazırlanmış plan üzrə aparılır. Ağdam və Füzuli rayonlarının baş planı hazırlanıb, digər rayonlarınkı da yaxın vaxtlarda təsdiqlənəcək. Ölkə başçısı təməli qoyulacaq, istifadəyə veriləcək bütün sosial obyektlərin və binaların açılışında şəxsən iştirak edir, işlərə nəzarət edir. Yəni, quruculuq işləri ilə bağlı plandan kənar heç bir iş aparılmır, aparıla da bilməz”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

 

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl diyarına çevriləcək: “Ölkə başçısı gənclərə hər zaman güvənib və ölkənin gələcək inkişafının onlardan asılı olduğunu qeyd edib. Prezident işğaldan azad edilmiş ərazilərə xüsusi nümayəndələr təyin edir. Təyin edilmiş yeni kadrlar gənc olsalar da, onlar çox bilikli və savadlıdırlar. Etimad göstərilən həmin gənclər də Prezidentin etimadını doğrultmalı, Vətənə və xalqa sədaqətlə xidmət etməlidirlər. Yaxın vaxtlarda “Böyük Qayıdış” planına uyğun olaraq, ilkin mərhələdə Zəngilanın Ağalı kəndinin sakinləri doğma yurdlarına dönəcəklər. Ağalı “ağıllı kənd” prinsipləri ilə bərpa edilib. Ora qayıdacaq vətəndaşların işi, normal yaşayışı təmin ediləcək. Ümumiyyətlə, işğaldan azad edilmiş torpaqlar elə planlı şəkildə qurulacaq ki, ora köçən vətəndaşlar heç bir problemlə üzləşməsinlər. Yəni, rayon və şəhərlərə köçən vətəndaşlar əvvəlki həyatlarından da qat-qat firavan həyat yaşayacaqlar”.

 

Nəzrin Cavid

Tarix: 5 May 2022, 17:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin