BURADA REKLAMINIZ OLA
BİLƏR

Rey Kərimoğlu: "Qazi adından sui-istifadə hallarının aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirilməlidir"

“Qazi adından sui-istifadə halları yolverilməzdir. Təəssüflər olsun ki, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində belə hallara rast gəlinib. Bir qrup dələduz, dilənçiliyi özünə peşə seçənlər üçün müqəddəs heç nə yoxdur. Belələri “qazi” adından sui-istifadə edərək, müharibədə iştirak etdiklərini iddia edir və dilənçiliklə məşğul olaraq pul toplayırlar. Azərbaycan cəmiyyətində qaziyə dərin hörmətin olduğunu başa düşən həmin adamlar belə çirkin yollara əl atırlar”.

 

Bunu Pravda.az-a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, jurnalist Rey Kərimoğlu deyib.

 

R.Kərimoğlu bildirib ki, belə şəxslərin müharibə iştirakçıları və qazilərə heç bir aiddiyatı yoxdur: “Arzu edərdik ki, dövlət sui-istifadə hallarının aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirsin. Misal üçün, bu gün cəmiyyətdə kimsə polis geyimində dilənə bilərmi?! Əlbəttə ki, yox. Yəni, bununla bağlı qanunun sərt üzü məhz hərbi geyimlərdən, qazi və şəhid ailəsi adından sui-istifadə hallarında da tətbiq edilməlidir. Fikrimcə, bu məsələ qanunvericiliklə tənzimlənməlidir. Doğrudan da, şəhid ailəsi və ya qazi olanlar belə yollara əl atmırlar. İddialar araşdırıldıqdan sonra aydın olur ki, həmin dilənçilərin müharibə ilə, ümumiyyətlə, əlaqələri olmayıb. Vətən uğrunda döyüşən heç bir qazi dilənməz. Sadəcə olaraq, müəyyən şəhid ailələri və qazilər haqlarını tələb edirlər, bu, normal haldır”.

 

Nəzrin Cavid

Tarix: 7 May 2022, 13:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin