BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qod Nisanovla qohumuq” deyən dələduz ana-balaya hökm oxundu - ÖZƏL

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlahəxanım Məmmədova və onun anası Validə Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İradə Həsənzadənənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə İlahəxanım Məmmədova 7 il müddətinə azadlıqdan məhrum edilib və Validə Məmmədovaya isə şərti cəza verilib.

 

Qeyd: Bakı şəhər sakini, 51 yaşlı İlahəxanım Məmmədova analoqu olmayan dələduzluğa “imza atıb”. O, zərərçəkmişi İtaliyada çoxsaylı mülklərə, daşınmaz əmlaklara, restoranlara sahib olduğunu deyərək aldadıb.

 

Belə ki, tanınmış biznesmen, Azərbaycan əsilli iş adamı Qod Nisanovla guya qohumluq əlaqəsi olduğunu uyduran qadın yalanlarına inandırdığı maşın ustasının pullarını ələ keçirib. Ömründə bircə dəfə də olsun İtaliyaya səfər etməyən, Romaya qədəm basmayan İlahəxanım öz toruna saldığı Kamil Babayevə Romadan ona sərfəli qiymətə restoran, ev alacağını vəd edib. Və bütün bunları təkbaşına deyil, qulluqçu kimi təqdim etdiyi ahıl anası Validə Məmmədova ilə birgə törədib.

İttiham aktına əsasən, İlahəxanım Məmmədova tanışı Kamil Babayevə özünü və ailə üzvlərini “imkanlı, Romada müxtəlif mülk sahibləri olan əsilzadə” kimi təqdim edib.

 

Guya pandemiya ilə əlaqədar İtaliyanın paytaxtında restoran və evlərin çox ucuzlaşdığını, bu səbəbdən özlərinə Romada xeyli sayda restoran və mülk aldıqlarını deyib. Anasını isə Kamil Babayevə qulluqçusu kimi təqdim edib.

 

Bildirib ki, “qulluqçusunun” nəzarəti ilə Bakıda bağ evini təmir etdirir, amma  pandemiyaya görə ölkə sərhədləri bağlı olduğundan Romadan Bakıya qayıda bilmir. “Əsilzadə” qadın “bağ evinin təmiri üçün lazım olan inşaat materiallarının alınması, ustalara zəhmət haqqı ödənilməsi” üçün “qulluqçu”ya  müəyyən məbləğdə pul verməyi K.Babayevdən xahiş edib. Bunun əvəzində isə ona Romadan öz pulu ilə 25 min avroya restoran, 27 min avroya ev alacağını deyib, hətta onu İtaliya vətəndaşlığına qəbul etdirəcəyinə söz verib. Bu yolla K.Babayevin etibarını qazanan qadın onun üst-üstə 100 min manata yaxın pulunu ələ keçirib.

Zərərçəkənin şikayətindən sonra hüquq-mühafizə orqanları dələduzluq faktı üzrə cinayət işi qaldırıb. İ.Məmmədova barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri, anası Validə Məmmədova barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

İ.Məmmədovanın ifadəsinə görə, zərərçəkmiş Kamil Babayevlə tanışlığı 2018-ci ilə təsadüf edib. Avtomobilini təmir etdirmək üçün bir neçə dəfə Kamil Babayevin usta işlədiyi təmir sexinə aparıb. Söhbət əsnasında ona milliyyətcə yəhudi olduğunu deyib, qohumlarının, dayılarının İtaliyada və Rusiyada uğurlu bizneslərə malik olduqlarını söyləyib.

 

“Planlarımı reallaşdırmaq üçün Kamilə müəyyən yalanlar danışmaq məcburiyyətində qaldım. Yalandan dedim ki, anam Romanın meri ilə evlənib, hazırda orada yaşayır. Romada evimiz və restoranlarımızın olduğunu söylədim. Mən Kamillə ancaq Votsap-la əlaqə saxlayırdım. Ona Romada olduğumu, anama məxsus restoranları işlətdiyimi, pandemiyaya görə İtaliyadan gələ bilmədiyimi, bağ evimizin təmiri üçün lazım olan pulu qulluqçumuza verməyi xahiş etmişdim”, - qadın ifadəsində göstərib.

 

Təqsirləndirilən Validə Məmmədova ifadəsində göstərib ki, qızının göstərişi ilə Kamil adlı şəxsdən pul alıb, qızına verib. Hər dəfə Kamil onunla telefon əlaqəsi saxlayanda kirayə yaşadıqları binanın həyətinə düşüb, ondan pulları götürüb.

 

Zərərçəkmiş Kamil Babayev isə ifadəsində deyib ki, İlahəxanımı müştəri kimi tanıyıb, bir neçə dəfə onun avtomobilini təmir edib. Ərindən qalan “Lexus 570” markalı avtomobili təmirə gətirəcəyini deyərək onun əlaqə nömrəsini alıb.

 

“Deyirdi ki, cuhuduq, anamın adı Zərifədir, Qod Nisanovla xala uşağıyıq. Dayılarım İtaliyada, Rusiyada, İsraildə biznesmendirlər”, - zərərçəkmiş ifadəsində söyləyib.

 

Kamal Məmmədov

Tarix: 8 May 2022, 21:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin