BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat “Green card”dan danışdı: “Başqa ölkələrdən Azərbaycana gələnlər Amerikaya gedənlərdən heç də az deyil”

“Dünyanın bütün ölkələrində, xüsusilə gənclər xarici ölkələrə üz tutmağa meyilli olurlar. Yəni, o demək deyil ki, təkcə Azərbaycanda gənclər başqa ölkələrə gedirlər. Bu, Avropa ölkələrinə də şamil edilə bilər. Bu gün Bakı küçələrində gəzəndə ərəbləri, ingilisləri, türkləri və başqa millətlərin nümayəndələrini görürük. Yəni, Azərbaycana gəlib burada yaşamağa üstünlük verənlər də var”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə Amerikada yaşamaq üçün “Green card” qazananlardan danışarkən deyib.

 

Deputatın sözlərinə görə, ölkəni tərk edib başqa yerdə yaşamaq onu deməyə əsas vermir ki, burada yaşayış üçün normal şərait yoxdur: “Doğrudur, Azərbaycandan xarici ölkələrə gedənlər çoxdur, amma nəzərə almaq lazımdır ki, bizim ölkəyə üz tutanlar da az deyil. Ölkəmizdə yaşayış üçün münbit şərait yaradılıb. Ola bilər ki, gənclər xarici ölkələrə əsasən təhsil almaq, nisbətən də işləmək üçün gedirlər. Azərbaycanda elə orta yaşlı təqaüdçü ingilislər var ki, qiymətlər, xüsusilə də ərzaq məhsulları daha ucuz olduğu üçün ölkəmizdə yaşamağı seçiblər. Bu proses dünyanın hər yerində gedir, insanlara necə xoşdursa, elə də yaşayırlar. Sevindirici haldır ki, belə şərait yaranıb, yəni, insanlar istədikləri ölkədə rahat yaşayışlarını təmin edə bilirlər. Burada qəbahət görmürəm. Azərbaycandan elə görünür ki, insanlar ABŞ-a üz tuturlar. Digər ölkələrdə vəziyyət başqa cür ola bilər. Statistika təqdim edilərsə, yəqin, aydın olar ki, başqa ölkələrdən Azərbaycana gələnlər Amerikaya gedənlərdən heç də az deyil. Sadəcə olaraq, burada Azərbaycanla ABŞ arasında ərazi və əhali fərqi nəzərə alınmalıdır”.

 

Nəzrin Cavid

Tarix: 9 May 2022, 11:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin