BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Oğlanların formalaşmasında kişi müəllimlərin xüsusi rolu var”

“Bu gün orta ümumtəhsil məktəblərində qadın müəllimlərin sayı kişilərdən daha çoxdur. Bunun səbəblərindən biri də Azərbaycan ailələrinin qız övladlarını ya müəllim, ya da həkim görmək istəkləri ilə bağlıdır. Bu, əsas olmasa da, təsiredici faktorlardan biridir. Onu da qeyd etmək lazımdır ki, son illərin statistikasına əsasən, müəllimlik peşəsini seçən oğlanların sayı artıb. Ona görə də məktəblərdə kişi müəllimlərin sayı əvvəlki illərə nisbətən daha çoxdur”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.

 

Deputat bildirib ki, orta məktəblərdə kişi müəllimlərin sayının artırılması hələ də vacib məsələ olaraq qalır: “Nəzərə almaq lazımdır ki, təhsil müəssisələrində qızlarla oğlanlar birgə oxuyurlar. Yəni, oğlanların kişi kimi formalaşmasında məktəblərdə dərs deyən kişi müəllimlərin xüsusi rolu var. Bu baxımdan, mən də məktəblərdə kişi müəllimlərin sayının artırılmasının tərəfdarıyam. Sevindirici haldır ki, əvvəlki illərlə müqayisədə, ümumiyyətlə, müəllimlik peşəsinə maraq artıb. Bu, müəyyən qədər müəllim peşəsinə sevgidən və dövlət tərəfindən bu peşəyə göstərilən diqqətdən, eyni zamanda əmək haqlarının artımından irəli gəlir. Sözsüz ki, 5-10 il əvvəlki müəllim maaşı ilə indiki arasında çox böyük fərq var. Diaqnostik Qiymətləndirmənin keçirilməsi də müəllimlərin maaşlarının xeyli artmasına gətirib çıxarıb. Bu gün orta məktəb müəllimləri çox yüksək maaş alırlar və onlar özləri də bundan çox məmnundurlar. Hesab edirəm ki, müəllimlərin maaşlarına tətbiq edilən artımlar oğlanların da müəllimlik peşəsinə marağını artırıb. Ümid edirəm ki, gələcək illərdə müəllimlərin sosial rifah halının daha da yaxşılaşdırılması oğlan uşaqlarının müəllimlik peşəsini seçməsinə daha ciddi təsir göstərəcək”.

 

Nəzrin Cavid

Tarix: 9 May 2022, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin