BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Köhnə maşınlar ekologiyaya ciddi zərər vurur”

“Azərbaycanda geniş yayılmış bir mif var: ölkədə maşın sayı çoxdur deyə tıxaclar yaranır, maşın əlindən tərpənmək olmur. Yanlış təsəvvürdür, problem maşın sayında deyil, qeyri-effektiv idarəetmə sistemində, şəhərin infrastrukturunun zəlil günə qoyulmasındadır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, 2020-ci ilin məlumatlarına görə, Azərbaycanda hər 1000 nəfərə 126, Gürcüstanda 281, Ermənistanda 167 avtomobil düşür: “Keçmiş SSRİ Respublikaları arasında bu göstəriciyə görə biz 12-ci yerdəyik, bizdən sonra Türkmənistan, Tacikistan və Özbəkistan gəlir. Ölkə avtomobil parkının 60%-i 20 yaş və daha köhnə maşınlardır, bu isə qəzalar zamanı ölüm və yaralanma hallarını artırır, köhnə maşınlar ekologiyaya da ciddi zərər vurur. Hökumət isə gömrük rüsumları və vergiləri kəllə-çarxda saxlayaraq ölkəyə yeni, müasir, təhlükəsiz, ekoloji az zərərli maşınların gətirilməsinə mane olur, səbəb kimi də yuxarıda yazdığım mifi əsas gətirirlər ki, guya ölkədə maşın çoxdur, tıxaclar yaranır. Şəhərin baş planı olmadan tikinti meydançasına çevirdilər, neft pulunu betona gömdülər, şəhər infrastrukturunu plansız pis günə qoydular, küçələr dar, körpülər mənasız, alt keçidlər az – bütün bunlar tıxaclara, sıxlığa əsas səbəbdir. Gürcüstana çatmaq üçün bizdə indikindən 2,5 dəfə çox maşın olmalıdır, belə infrastrukturla maşın sayı hər 1000 nəfərə 300 avtomobilə çatsa, Bakı, sadəcə, maşın sürülməsi mümkün olmayan şəhərə çevriləcək. Çıxış yollarından biri şəhərin boşaldılmasıdır, universitetlər, bəzi nazirliklər, dövlət idarələri, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi Bakıdan regionlara, əsasən də işğaldan azad edilmiş bölgələrimizə köçürülməlidir. Digər çıxış yolu isə Bakı Böyük Şəhər Bələdiyyəsinin və seçkili mer institutunun təsisi, məsuliyyətin və səlahiyyətin təyin edilmişlərdən alınıb seçilmişlərə verilməsidir”.

Tarix: 11 May 2022, 21:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin