BURADA REKLAMINIZ OLA
BİLƏR

“Blinkenin bu məsələyə toxunması dövlətimizin gücünü və beynəlxalq aləmdəki əhəmiyyətini sübut edir” - RƏY

“Mayın 11-də Amerika Birləşmiş Ştatlarının xarici siyasət üzrə Dövlət katibi Antoni Blinken möhtərəm Prezidentimiz cənab İlham Əliyevə zəng edib. Etiraf etməliyik ki, bu gün bütün dünyanın başı Rusiya-Ukrayna müharibəsinə qarışıb, hətta mən bölgəmizin bugünkü və sabahkı taleyi onlar üçün ikinci dərəcəli məsələdir. Biz hər gün ABŞ, İngiltərə, AB, NATO kimi mötəbər təşkilatlar və dövlətlərin xarici və daxili siyasətinin bir nömrəli gündəlik məsələsinin Rusiya-Ukrayna müharibəsi olduğunu görürük. Ona görə də Amerika Birləşmiş Ştatlarının xarici siyasət üzrə Dövlət katibi Antoni Blinkenin möhtərəm Prezidentimizə zəng etməsini çox yüksək qiymətləndirməliyik. Qeyd edildiyi kimi, o, xalqın Ulu öndəri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü təbrik etməklə bərabər, ABŞ-Azərbaycan münasibətləri, Cənubi Qafqazdakı vəziyyət, bu bölgənin üç ölkəsində fəaliyyət göstərən səfirlərin Azərbaycana səfəri və səfər çərçivəsindəki çox önəmli müzakirələr haqqında fikirlərini möhtərəm Prezidentimizə çatdırıb. Sözsüz ki,  telefon zənginin əsas mövzusu  Azərbaycan-Ermənistan  münasibətlərinin normallaşmasıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahim qızı deyib.

Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan savaş meydanında qələbə qazandığı kimi, zəngin dövlət idarəçiliyi təcrübəsi, uzaqgörən və müdrik siyasətçi və diplomat kimi, postmüharibə dövründə diplomatik masada da xalqın milli maraqlarına xidmət edən böyük uğurlara imza atıb: “Vətən müharibəsi bitdikdən dərhal sonra möhtərəm Prezidentin bölgədə yaranmış yeni reallıqlar fonunda Azərbaycan-Ermənistanın münasibətlərinin normallaşması məqsədilə verdiyi təkliflər nəinki Ermənistan, hətta bütün beynəlxalq təşkilatlar, eləcə də aparıcı dövlətlər tərəfindən bəyənilib və dəstəklənib. Bu mənada ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan ABŞ-ın məlum beş təklifi dəstəkləməsi bir daha cənab İlham Əliyevin şəxsində Azərbaycan diplomatiyasının zəfəridir. Məlumdur ki, bu təkliflərin həm Brüssel, həm də Moskva və Vaşinqtonda dəstəklənməsi bölgəmizin gələcək perspektivlərinin konturlarını göstərir. Xüsusi qeyd etmək istərdim ki, telefon danışıqlarında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə Blinkenin, ABŞ-ın müsbət münasibətini, həm də iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə ABŞ-ın dəstək verməyə hazır olduğunu bildirməsi Ermənistan daxilində və xaricində erməni revanşistlərinə, eləcə də bölgəni qarışdırmaq istəyən hər cür qüvvələrə ünvanlanmış mesajlardır”.

 

M.İbrahim qızı qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib: “Prezident İlham Əliyev, həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib. Bir daha qeyd etmək istərdim ki, Azərbaycan bölgənin lider dövləti olmaqla bərabər, həm də Avropanın enerji siyasətində, eləcə də nəqliyyət-loqistik məsələlərdə oynadığı rol ilə çox böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu gün Rusiya-Ukrayna müharibəsinin dünyada yaratmış olduğu vəziyyət bir daha möhtərəm Prezidentimizin kürəsəl səviyyədə bir lider olduğunu göstərir. Telefon danışığında Blinkenin enerji təhlükəsizliyi məsələsinə də toxunması qeyd etdiyim səbəblərdən qaynaqlanmaqla bir daha dövlətimizin gücünü və beynəlxalq aləmdəki əhəmiyyətini sübut edir”.

 

Nəzrin Cavid

Tarix: 12 May 2022, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin