BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycançılıq məfkurəsinin təbliğində Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın rolu əvəzsizdir” – RƏY

Azərbaycan cəmiyyətinin inkişafının təməlini azərbaycançılıq məfkurəsi təşkil edir. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirir və azərbaycanlı anlayışının mahiyyətini müəyyən edir. Sözsüz ki, müasir dünyada sivilizasiyalararası münaqişə və müharibələr fonunda azərbaycançılıq ideologiyasının alternativi yoxdur. Azərbaycançılıq cəmiyyətin ali inkişaf mərhələsinə qədəm qoyması, dövlət müstəqilliyinin qorunması və milli təhlükəsizliyin təmin olunması baxımından ən uyğun ideologiyadır.

 

Mövzu ilə bağlı Pravda.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, azərbaycançılıq dövlət müstəqilliyini və milli təhlükəsizliyin qorunmasını strateji məqsəd kimi müəyyən edən Azərbaycan xalqının vahid ideologiyasıdır.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı həmin ideologiya ətrafında sıx birləşib və tarixin bütün dövrlərində milli və mənəvi dəyərlərini qoruyub saxlaya bilib: “Azərbaycançılıq ideologiyası dövlətimiz əleyhinə yönəlmiş anti-milli qüvvələrlə mübarizədə ən güclü silahımızdır. Ölkədə azərbaycançılıq məfkurəsinin təbliğində Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın rolu əvəzsizdir. Azərbaycançılıq dövlətin milli ideologiyasıdır. Milli ideologiyamız ölkədə hüquqi və sosial dövlət quruculuğunun inkişafına xidmət edir. Bu xidmətdə biz də vətəndaş borcumuzu yerinə yetirməliyik. Burada Ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında səsləndirdiyi fikirlərə diqqət çəkmək yerinə düşər. Ulu öndər qeyd etmişdi ki, hər bir azərbaycanlı azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır.

 

- Azərbaycançılıq ideologiyası dedikdə nə başa düşülür?

 

- Azərbaycançılıq ideologiyası dedikdə ölkə daxilində, eləcə də xaricdə yaşayan müxtəlif xalqların, millətlərin və dinlərin nümayəndələrinin bir çətir altında, vahid təfəkkür və vahid ideologiya ətrafında toplaşması başa düşülür. Diqqət etsək, görərik ki, ölkədə xeyli sayda millətlərin nümayəndələri, fərqli dinlərə mənsub insanlar azərbaycançılıq idealogiyası ətrafında birləşiblər. Həmrəylik azərbaycançılıq təfəkkürünün formalaşması üçün vacib faktordur. Burada Azərbaycanda yaşayan xalqların adət-ənənəsi, dili, dini və mənəvi dəyərlərinin qorunması nəzərdə tutulur. Ölkədə həmin ideologiyanın qorunması və təbliği uğurla icra edilir. Əlbəttə ki, dövlət də azərbaycançılıq ideyasının geniş təbliğində maraqlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını dövlətçiliyimizin ideoloji əsası hesab edir. Prezident qeyd edib ki, “bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.

 

- Azərbaycançılığın əsasını nələr təşkil edir?

 

- Azərbaycançılıq ideologiyası dövlətçilik təfəkkürünə əsaslanır. Həmin ideologiyanın əsasını Azərbaycan xalqının mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələri təşkil edir. Azərbaycançılıq ideologiyası Azərbaycan dövlətinin müstəqilliyini arzulayan, onun inkişafı naminə daim həmrəylik nümayiş etdirən bütün insanları - etnik mənsubiyyətindən, dinindən və dilindən asılı olmayaraq ölkədə və xaricdə yaşayan bütün vətəndaşları, soydaşları, eləcə də digərlərini birləşdirir. Bu, birmənalı olaraq, belədir. Sözsüz ki, hər bir ideologiya əsas elementlərə və struktura malikdir. Həmin elementlərdən biri də, əlbəttə ki, vətəndaşlıqdır. Azərbaycan vətəndaşının mühüm vəzifələrindən biri də dövlətçiliyə sadiq qalmaq və vətənpərvərlik ruhunda inkişaf etməkdir. Azərbaycançılıq ideologiyasına əsasən, vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığına zəmin yaradır.

 

- Azərbaycançılıq ideologiyasının ölkədə təbliği hansı səviyyədədir?

 

- Bu deologiyanın ölkədə təbliği yüksək səviyyədə həyata keçirilir. Azərbaycançılığın dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Həmin ideologiya Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilib. Heydər Əliyev irsinə dərin ehtiram nümayiş etdirən möhtərəm Prezident İlham Əliyev də fəaliyyəti müddətində azərbaycançılıq məfkurəsinin geniş ictimai dəyər qazanmasına çalışıb, bu siyasəti böyük uğur və peşəkarlıqla davam etdirib. Sözsüz ki, dövlət azərbaycançılıq ideologiyasının ölkədə geniş təbliği üçün ciddi addımlar atır. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva öz əməlləri və fəaliyyətləri ilə bu mənada nümunəvi yanaşma sərgiləyirlər. Bu baxımdan, Azərbaycanda azərbaycançılıq ideologiyasının uğurla həyata keçirildiyini əminliklə deyə bilərik. Ümumiyyətlə, Azərbaycançılıq dövlət müstəqiliyinin qorumasına və demokratik inkişafın təmin olunmasına xidmət edən, eləcə də radikal millətçilik əleyhinə formalaşmış ideologiyadır.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusu üzrə dərc olunub.

 

Nəzrin Cavid

 

Tarix: 13 May 2022, 16:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin