BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mişelin bu ifadəsi Paşinyan üçün fiasko, İlham Əliyev üçün növbəti qələbə oldu” - RƏY

“Prosesə qalib kimi qatılan Azərbaycan Brüssel görüşündə də diqtə edən tərəf olub. Təsadüfi deyil ki, 5 saat davam edən gərgin müzakirələrin gündəliyi məhz Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi əsasında qurulub. Yəni müzəffər Ali Baş Komandanımız qalib kimi qatıldığı görüşdə təşəbbüsü də tam şəkildə milli maraqlarımızı rəhbər tutmaqla ələ aldı. Bilirsiniz ki, görüşdən sonra Aİ Şurasının Prezidenti cənab Şarl Mişel açıqlama yaydı və müzakirələrin yekununa dair kifayət qədər pozitiv əhval nümayiş etdirdi. Cənab Mişelin açıqlamasında ilk diqqət çəkən məqam səslənən tezislərin faktiki olaraq Prezident İlham Əliyevin beynəlxalq hüququ rəhbər tutaraq bir müddət öncə irəli sürdüyü 5 şərtə əsaslanması ilə bağlı oldu. Şarl Mişelin qeyd etdi ki, yaxın günlərdə Azərbaycan və Ermənistan arasında birgə sərhəd komissiyasının iclası olacaq və iclasda sərhədlərin delimitasiyası ilə bağlı proseslər, habelə vəziyyətin stabilləşməsi məsələləri müzakirə olunacaq. Bildiyiniz kimi, bu məzmunu Azərbaycanın irəli sürdüyü baza şərtləri tam əhatələyir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

 

“Eyni zamanda qeyd edilir ki, liderlər Azərbaycan və Ermənistan arasında gələcək sülh müqaviləsi üzrə müzakirələri davam etdirmək barədə razılığa gəliblər və yaxın həftələrdə XİN rəhbərlərinin başçılığı ilə heyətlər bu prosesləri irəliyə aparacaqlar. Aydındır ki, mahiyyət etibarı ilə bu mövqe cənab İlham Əliyev tərəfindən dəfələrlə irəli sürülüb və bu mənada Aİ Şurasının 3-cü birgə görüşünün yekun bəyanatında bu tezisin səsləndirilməsinin önəmini anlamaq çətin deyil. Yekun bəyanatda əks olunan digər mühüm məqam liderlərin nəqliyyat xətlərinin açılmasının vacibliyini vurğulayaraq Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirəcək müntəzəm nəqliyyat kommunikasiya xətlərinin açılması və tranzit imkanları barədə prinsipləri razılaşdırması ilə bağlıdır. Qeyd edilir ki, yaxın günlərdə Baş nazirin müavinləri nəqliyyat kommunikasiya xətləri və beynəlxalq daşımalarla bağlı, gömrük məsələləri ilə bağlı işləri davam edəcəklər”, - deputat bildirib.

 

Onun sözlərinə görə, Zəngəzur dəhlizləri anlayışı cənab İlham Əliyevin ideyasıdır və ilk olaraq 10 noyabr bəyanatında əks olunmuşdu: “Lakin İrəvan sonradan bu öhdəliklə bağlı mövqeyindən yayınırdı. Azərbaycan Prezidenti isə dəfələrlə qətiyyətlə bu dəhlizin mütləq açılacağını bildirmiş, hətta irəli sürdüyü 5 baza şərtdə də bu məsələyə yer vermişdi. Bu mənada, cənab Mişel əslində Azərbaycan Liderinin qeyd edilən mövzuda qələbəsini elan etmiş oldu. Görüşdə diqqət çəkən digər məqam, Ermənistan tərəfin irəli sürdüyü 6-cı şərtlə bağlı vəziyyət oldu. Düzdür, Paşinyanın irəli sürdüyü bu sərsəm şərtə Azərbaycan tərəfinin münasibəti aydın idi, lakin Brüssel görüşündə məsələyə dair reaksiyalar beynəlxalq ictimaiyyətdə maraq doğururdu. Şarl Mişel də bu kontekstdə çox maraqlı bir ifadə işlətdi və qeyd etdi ki, "hər iki liderin diqqətinə Qarabağdakı etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələsini" çatdırıb. Gördüyünüz kimi, cənab Mişel "Dağlıq Qarabağ" yox, inzibati vahidimiz olan Qarabağ, "Qarabağ xalqı yox", "Qarabağdakı etnik erməni" ifadəsi işlətməklə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birmənalı hörmətlə yanaşaraq ortaya beynəlxalq hüquqdan irəli gələn mövqeni qoydu. Heç şübhəsiz ki, bu, Paşinyan üçün fiasko, Prezident İlham Əliyevin isə 44 günlük savaşın ardınca bu kontekstə ardıcıl diplomatik qələbələrinin daha biri oldu”.

 

Aytəkin Qardaşova

Tarix: 23 May 2022, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin