BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti dəfə beynəlxalq müstəvidə uğur qazandı” - RƏY

“Brüsseldə baş tutan növbəti üçtərəfli görüş və görüşdən sonra səsləndirilən bəyanatdan görünən odur ki, Azərbaycan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti dəfə beynəlxalq müstəvidə uğur qazandı. Biz görüşdəki müzakirə predmetlərinə baxanda bir daha görürük ki, artıq hər kəs Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər və yaratdığı reallıqla razılaşıb və hamı qəbul edir. Görüşdə diqqəti çəkən əsas məsələ ilk növbədə sülh müqaviləsinin imzalanmasıdır. Bununla bağlı yaxın günlərdə tərəflər arasında təmaslar olacaq və bu təmaslar zamanı sülh müqaviləsinin predmetləri müzakirə ediləcək. Qeyd etmək lazımdır ki, müqavilənin hazırlanması istiqamətində ikitərəfli təmasların çox böyük əhəmiyyəti var.”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

“Danışıqlarda vurğulanan daha bir məsələ sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı idi.  Bu istiqamətdə yaxın günlərdə dövlətlərarası sərhədlərdə işçi qrupları səviyyəsində görüşün keçirilməsi ilə bağlı artıq razılıq əldə olunub. Bu da öz növbəsində çox vacib məqamdır. Görüşdə xüsusilə qeyd olunan digər bir məqam Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək dəhliz, Zəngəzur dəhlizinin işə salınması ilə bağlıdır. Onu da əlavə etmək lazıdmır ki, bu günə kimi Ermənistan tərəfi dəhlizin açılması məsələsinə süni əngəllər törətməyə çalışırdı. İndi artıq bu istiqamətdə də razılığın əldə olunduğu qeyd olunur. Avropa İttifaqı tərəfindən də bu dəhlizin açılmasının vacibliyi xüsusi vurğulanıb. Brüssel görüşü çərçivəsində, eyni zamanda humanitar məsələlərə də toxunulub. Burada Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılmış milyonlarla minanın yerlərinin müəyyənləşdirilməsi üçün Ermənistan tərəfindən mina xəritələrinin təqdim olunması, eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı 4000 minə yaxın itkin düşmüş soydaşımızın taleyi haqqında Azərbaycan tərəfinə məlumatların təqdim edilməsi məsələləri müzakirə edilib. Görüş zamanı diqqətçəkən daha bir məqam ondan ibarət idi ki, artıq “Dağlıq Qarabağ” termini dilə gətirilmədi. Bunun əvəzində isə, sadəcə, Qarabağ termini istifadə olundu. Ermənilərin təhlükəsizliyi və digər məsələlərlə bağlı bir daha qeyd olundu ki,  Azərbaycan tərəfi dəfələrlə öz mövqeyini ifadə edib. Bildirilib ki, orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşları məhz Azərbaycan qanunları altında, ölkənin digər ərazilərində olduğu kimi hər bir vətəndaşa yaradılan hüquqlardan istifadə edə bilərlər. Onlar Azərbaycan bayrağı, qanunları altında burada yaşaya bilərlər. Avropa İttifaqı ilə görüşdə, həmçinin Azərbaycanla Ermənistan arasında iqtisadi məsələlər üzrə də məsləhətləşmələrin aparılması istiqamətindəki mövzulara da toxunub. Bu məqam öz növbəsində işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpa prosesinə də mühüm töhfə verə bilər. Qeyd olunan bu məqamlar onu göstərir ki, Brüsseldə keçirilmiş sayca üçüncü olan bu üçtərəfli görüş də Azərbaycanın növbəti diplomatik uğurudur.”

 

Leyla Yusubova

Tarix: 23 May 2022, 15:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin