BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə ailə üzvlərini yandırmaq istəyən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə Şəmkir rayonunda ailə üzvlərini öldürməyə cəhddə ittiham olunan 1963-cü il təvəllüdlü Vəli Yaqubovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Şəmkir rayonu Seyfəli kənd sakini, 1963-cü il təvəllüdlü Vəli Yaqubov yaşadığı evdə ailə münaqişəsi zəminində mübahisə zamanı qisas məqsədilə özü ilə gətirdiyi benzini oğlu, 1988-ci il təvəllüdlü Əkbər Vəliyev və gəlini 1988-ci il təvəllüdlü Nərgiz Hüseynovanın üzərinə və evin içərisinə tökərək yandırıb.

 

Hadisə zamanı oğlu Əkbər Vəliyev, gəlini Nərgiz Hüseynova, evdə olan arvadı 1966-cı il təvəllüdlü Nüşabə Yaqubova və 2016-cı il təvəllüdlü nəvəsi Banu Yaqubova yanıq xəsarətləri ilə Gəncə şəhər xəstəxanasına aparılıb, Vəli Yaqubov hadisə yerindən qaçıb.

 

Vəli Yaqubov barəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində o tutularaq istintaqa təhvil verilib.

 

İstintaq araşdırması zamanı məlum olub ki, Vəli Yaqubov 32 yaşlı oğlu Əkbər Vəliyevi və onun ailəsini evdən çıxarmaq istəyib.

 

Uzun müddətdir mülk üstündə tərəflər arasında münaqişə olub. Hətta bir neçə dəfə prokurorluğa və polis şöbəsinə müraciət də ediblər.

 

Ələkbər Vəliyev işləmək üçün əvvəllər Rusiyaya gedib. Ancaq deportasiya olunduğundan yenidən federasiya ərazisinə qayıtmaq üçün həyat yoldaşının soyadını götürüb.

 

Ümumiyyətlə, təsərrüfatla məşğul olan ailə kənddə münaqişəli ailə kimi tanınırlar.

 

Vəli Yaqubov əvvəllər də onları çıxıb getməsələr, evi yandıracağı ilə hədələyibmiş. Hadisə günü də tərəflər arasında yenidən mübahisə düşüb, amma ailə üzvləri onun təkrarən hədələrinə əhəmiyyət verməyib.

 

Bu zaman Vəli Yaqubov 5 otağı və 1 aynabəndi olan birmərtəbəli evə od vurub. Yanğın zamanı arvadı Nüşabə Yaqubova, oğlu Əkbər Vəliyev, gəlini Nərgiz Vəliyeva və nəvələri - 4 yaşlı Banu və 3 yaşlı Ömər evdə olub.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs sonradan saxlanılıb və istintaqa cəlb olunub.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Yaqubov 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Zərərçəkmişlərin Vəli Yaqubova qarşı mülki iddiaları baxılmamış saxlanılıb. Onlara təqsirləndirilən şəxsə qarşı mülki qaydada iddia qaldırmaqları və adiyyatı üzrə məhkəməyə müraciət etmələri izah olunub.

 

Kamal Məmmədov

Tarix: 26 May 2022, 23:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin