BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatdan imkanlı köçkünlərə çağırış: Qarabağdakı tikinti işlərinə qoşulun

 

 

“Qarabağda gözəl quruculuq işləri gedir və buna çox sevinirik”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, azad olunan ərazilər çox böyükdür, bu ərazilərin yalnız dövlətin öz gücü ilə bərpa etməsi uzun zaman çəkə bilər: “Həm də bu yükün hamısını dövlətin çəkməsi, zənnimcə, doğru da deyil. Bu xərclər büdcəmiz üzərində ciddi yük olacaq. Dövlət yalnız ehtiyacı olanlara ev tiksin, şəhərləri salsın, bina evlərini tiksin. Kəndlərin tikintisi layihələndirilsin və imkanlı köçkünlər Qarabağın yenidən qurulmasına cəlb edilsin. Aidiyyəti qurumlar layihələrin həyata keçirilməsinə, standartlara və təsdiq olunmuş layihələrə uyğun kənd evlərinin, biznes obyektlərin tikintisinə nəzarət etsin. Xalq birbaşa Qarabağın məskunlaşmasına cəlb olunsun. İnanıram ki, işğaldan azad olunan hər bir rayon və şəhərin əhalisinin 30 faizinin öz evini tikməyə gücü çatar”.

 

Deputat təklif edib ki, dövlət yalnız infrastruktur layihələri həyata keçirsin, tikinti materialları bazarı yaratsın: “Qarabağda olan tikinti materiallarının istehsalı və satışı üçün böyük layihələrin həyata keçirilməsi üçün iş adamlarına kredit verilsin, şərait yaradılsın. Dövlət tikinti materiallarının münasib qiymətə istehsal və satışına kömək etsin. Bunu edəriksə, inanıram ki, üç il ərzində Qarabağı əsasən məskunlaşdıra bilərik”.

 

Deputat qeyd edib ki, ölkə Prezidenti icazəsiz bir daşın daş üstünə qoyulmamasını tapşırıb və bunu dəstəkləyir: “Elə Bakı və ətrafının xaosu gözümüz önündədir. Prezident bunu deyib. Necə gəldi tikinti yox, ancaq və ancaq planlı təsdiq olunmuş layihələr üzrə tikinti aparılmalıdır. Mən də bunu təklif edirəm. Təsdiq olunmuş layihələr üzrə imkanlı şəxslərə özlərinə, qohum-əqrəbasına ev tikməyə imkan verilsin. Təbii ki, çalışaq ki, həmin evlərdə yaşayış olsun, daha tikib, qapısını bağlayıb şəhərə qayıtmasınlar. Hərçənd ki, bunu da qadağan etmək doğru olmaz. Mən xeyli insan tanıyıram ki, Bakıda evini, obyektini satıb Qarabağa köçmək istəyir”.

 

 

Tarix: 17 İyun 2022, 11:36   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin