BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bu qadağan edilsin - Ekspertdən ÇAĞIRIŞ

 

 

“Az qala 20 il olur ki, ölkədə elektron hökumət quruculuğu prosesi gedir. İlkin dövrlərdə bu prosesi hansı dövlət qurumu necə istəyibsə elə də aparıb.12 ildir ki, bu proses sistemli olaraq, səlahiyyətli dövlət qurumunun nəzarəti altında həyata keçirilir. 2018-ci ilədək bu prosesə RİNN nəzarət edib, 4 ildən çoxdur ki, ölkədə rəqəmsal hökumət quruculuğuna ASAN, daha doğrusu onun tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi cavabdehdir. Rəqəmsal hökumətə keçidlə bağlı Prezidentin müvafiq fərmanından sonra sektorda müəyyən dinamika olsa da , son zamanlar müşahidə olunur ki, bu proses xeyli səngiyib. Ən ciddi problem də dövlət qurumlarına məxsus dataların inteqrasiyasdır”.

 

Pravda.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.

 

O.Gündüz qeyd edib ki, eGov Mərkəzi elektron hökumətimizin “oturduğu” xarici resurs əvəzinə, yəni xRoad sistemi əvəzinə ciddi əhəmiyyət kəsb edən ASAN Bridge hazırlayandan sonra bu proses xeyli sürətlənmişdi: “Lakin inteqrasiya başa çatmaq bilmir, yenə də vətəndaşlardan kağız formada sənədlər tələb olunur. Hansı ki, həmin sənəd elektron formada digər bir dövlət qurumunda var. İnteqrasiya olmadığından, başqa bir dövlət qurumu məcburdur ki, həmin sənədi tələb etsin. Qısa desək, hələlik rəqəmsal hökumət quruculuğu dövlət sektoprunda kağız bürokratiyasını aradan qaldıra bilməyib. Hələ də vətəndaşdan müxtəlif arayışlar və çıxarışlar tələb olunur. Artıq xeyli müddətdir ki, bunları eGov Mərkəzi rəqəmsal formada hazırlayıb və MyGov-da yerləşdirib. Lakin bir çox dövlət qurumları onları tanımaqdan imtina edir. Zamanı yetişib ki, hər hansı bir dövlət orqanında artıq vətəndaşla və ya hansısa bizneslə bağlı məlumat varsa onu digər dövlət qurumunun kağız və ya elektron formada tələb etməsi və ya toplaması rəsmi olaraq qadağan edilməlidir. Əks halda , dataya "özəl" yanaşma davam edəcək, yəni elə dövlət qurumları var ki, “oturub” özünün yaratdığı DATA-nın üzərində və heç kimlə paylaşmaq fikri yoxdur. Belə olanda da mövcud servislər tam funksional fəaliyyət göstərə bilmir, həm vətəndaşlar və həm də biznes üçün datalara və servislərə çıxışla bağlı problemlər yaranır. Görünən odur ki, eGov Mərkəzi bu tip bəzi dövlət qurumlarına da inteqrasiya ilə bağlı təsir edə bilmir. Odur ki, qanunvericilik qaydasında bu məsələ həll olunmasa, dövlət sektorunda mövcud olan informasiyanın yenidən toplanması qadağan edilməsə, dövlətə məxsus mövcud DATA rəsmi sənəd olaraq qəbul olunmasa inteqrasiya və rəqəmsal transformasiya məsələləri uzun illər ləngiməkdə davam edəcək”.

 

“Bəzən də müşahidə olunur ki, bir sıra dövlət qurumları üçün rəqəmsallaşma hər il dövlətdən böyük vəsaitlər əldə etmək üçün bir imkana çevrilib. Bir-birini təkar edən sistemlər, alt sistemlər formalaşdırılır, mənasız informasiya sistemləri yaradılır və onların saxlanılmasına hər il milyonlarla vəsait silinir. Nəticədə effektivlik aşağı düşür, dövlət sektorunda optimizasiya və çeviklik səngiyir, korrupsiya riskləri artır, xidmətlərin keyfiyyəti aşağı düşür və s. Fikrimcə bu istiqamətdə ciddi audit, monitorinq işləri aparılmalıdır.İndiki halda bu problemin daha sürətli həllinə Prezident fərmanları ilə nail olmaq olar. Əgər vətəndaşdan və ya sahibkardan yenə də kağız sənədlər, arayışlar tələb olunacaqsa və bu, sonsuz olaraq davam edəcəksə biz rəqəmsal hökumət qura bilməyəcəyik. Artıq zaman yetişib ki, dövlət qurumları vətəndaşı və biznesi əlavə işlərlə, əlavə bürokratik mexanizmlərlə yükləmədən mövcud datanı öz aralarında inteqrasiya etməklə problemi həll etsin. Düşünürəm ki, ASAN -nın, eGov Mərkəzinin bu istiqamətdə səylərini gücləndirməsi çox vacibdir” – ekspert əlavə edib.

 

Kənan

 

 

Tarix: 28 İyun 2022, 13:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin