BURADA REKLAMINIZ OLA
BİLƏR

NATO-nun Madrid sammiti: Türkiyə qalib statusunda

“NATO-nun Madrid sammiti tarixi məzmun kəsb edərək, tarixə qovuşdu. Qəbul etdiyi qərarların miqyası bu reallığı şərtləndirdi. Bu, ilk növbədə NATO-nun İsveç və Finlandiya dövlətləri hesabına genişləndirilməsində və hərbi alyansın yeni Strateji Konsepsiyasının qəbulunda öz təsdiqini tapdı. NATO ölkələrinin hərbi büdcəsinin artırılması və alyansın hərbi təmsilçilik arealının genişləndirilməsi razılaşdırıldı. Bununla da “soyuq müharibə” bitdikdən sonra ilk dəfədir ki, vaxtilə Vinston Çörçillin işlətdiyi “dəmir pərdə” ifadəsi kollektiv Qərb ilə Rusiya arasındakı yeni qlobal qarşıdurma vəziyyətinin “lakmus kağızı”na çevrildi. Təkcə bir faktı qeyd edək ki, sözügedən “Konsepsiya”da Rusiyanın yeritdiyi siyasət “avroatlantik məkanda sülh, sabitlik və müttəfiqlər üçün birbaşa və ən təsirli təhdid” kimi qiymətləndirildi. Müqayisə üçün: həmin sənəddə Çin Qərb üçün yalnız “strateji çağırış” kimi nəzərdə tutulmuşdur. Sammitin birbaşa praktiki nəticəsi olaraq Ukraynaya yeni yardım zərfi təsdiqləndi və xüsusilə də hərbi yardımın miqyası və çeşidinin artırılması haqqında yekdil razılıq əldə olundu”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Onun sözlərinə görə, hərbi alyans üzvləri 2014-cü ildən sonra bir daha üzərilərinə öhdəlik götürdülər ki, hərbi büdcələri ÜDM-in 2%-dən aşağı olmayacaqdır: “NATO-nun Baş katibi Yens Stoltenberqin verdiyi məlumata görə, artıq 9 ölkə 2%-i aşan göstəriciyə malikdir. 19 ölkə isə göstərilən hədəfə 2024-cü ildə çatmaq öhdəliyi götürüb. Bundan başqa, hərbi alyansın “Çevik reaksiya qüvvələri”nin sayının 7 dəfə artırılıb, 300 min nəfərə çatdırılması qərara alındı”.

 

Deputat bildirib ki, NATO-nun Madrid sammitinin əsl qalibi qardaş Türkiyə dövlətidir:

 

“NATO-da ikinci hərbi potensiala malik Türkiyə dövlətinin müdrik və xarizmalı siyasi lideri Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiyanın NATO-ya qəbulu məsələsində tutduğu prinsipial və qətiyyətli mövqe öz müsbət nəticələrini verdi. Türkiyənin irəli sürdüyü şərtlər, demək olar ki, tam qəbul edildi. Elə buna görə də rəsmi Ankara veto hüququnu geri götürdü. Türkiyə hansı güzəştlərə Qərbi məcbur etməyi bacardı? İlk növbədə, Türkiyəyə qarşı silah satışı embarqosu aradan qaldırılır. C-400 ZRK-nı Rusiyadan aldığına görə ABŞ-ın sanksiyalarına tuş gələn Türkiyə bundan sonra 40 ədəd modernləşdirilmiş F-16 qırıcı təyyarələrini Pentaqondan ala biləcək. Türkiyə bu yüksək keyfiyyətli qırıcıların alınmasını daha müasir F-35-lərin istehsal üzrə proqramdan çıxarılmasının kompensasiyası kimi Ağ ev qarşısında irəli sürmüşdü. F-35 qırıcı təyyarələrinin alınması da uzaq olmayan perspektivdə real görünür. Nəhayət, rəsmi Ankara İsveç və Finlandiyanı Türkiyə əleyhinə terrorçuları himayə etməkdə və onlara sığınacaq verməkdə ittiham edirdi. Terrorçuları Türkiyəyə təhvil verəcəyi təqdirdə bu iki dövlətin NATO-ya üzvlüyünə etiraz edilməyəcəyi şərt kimi irəli sürülürdü. Artıq bu məsələlərdə də razılaşmanın olduğu bəllidir. Beləliklə, NATO-nun Madrid sammiti və onun qəbul etdiyi tarixi qərarlar təkcə dünyada yeni geosiyasi konfiqurasiyanın formalaşmağa başladığının müjdəçisi olmayıb, həm də onun konturlarının cızıldığı zamanın və məkanın göstəricisinə çevrilib. Bu reallıqda qardaş Türkiyə dövləti yeni güc mərkəzi olmağa potensial və real qüdrəti çatan azsaylı beynəlxalq aktorlar sırasındadır. Bu, aksiomdur. İsbata ehtiyacı olmayan həqiqətdir”.

 

Aytəkin Qardaşova

Tarix: 4 İyul 2022, 12:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin