BURADA REKLAMINIZ OLA
BİLƏR

4 il öncə bu gün Bakı işıqsız qaldı: “Qayıdanda gördük ki, insanlar qan-tər içində metrodan çıxır” - FOTO

Bundan 4 il öncə, 4 iyul 2018-ci ildə Mingəçevir İES-in 1-ci Abşeron xəttində generatorun alışması nəticəsində ölkə ərazisi zülmətə bürünmüşdü. Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlar işıqsız qalmışdı. Hadisədə ən çox ziyan çəkən isə metro sərnişinləri idi. Həmin gün saatlarla "Bakı metropoliteni"nin stansiyalarında hərəkət dayandı, qatarlar tuneldə qaldı. Təxliyə olunan sərnişinlər yayın istisində çətin anlar yaşadılar. Lakin bütün bunlar ən çox da metro çıxışlarında dayanıb vətəndaşlara təmənnasız xidmət edən qəhrəmanların görüntüləri ilə yadda qaldı.

 

Görüntülərdə yer alanlardan biri, Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri Əziz Əlibəyli Pravda.az-a həmin günlə bağlı təəssüratlarını bölüşüb.

 

“Bütün ölkə üzrə işıqlar söndü. Demək olar, Bakıda, Sumqayıtda və digər ərazilərdə elektrik enerjisi kəsildi. Mingəçevir İES-in 6-cı blokunda qəza baş verdi, qatarlar tunellərdə qaldı, ticarət mərkəzlərindən insanlar təxliyyə olunmağa başladılar. Bakıda işıqforlar işləmədi və ortaya çıxan tıxac xaosu… Eyni anda "Bakı metropoliteni”nin giriş-çıxışları da bağlandı, nəticədə dəhşətli vəziyyət yarandı. İş gününün sonu idi və biz dostlarla həmin an Nərimanov metrosu tərəfdə çay içirdik. Birdən-birə ağlaşma səsi, hay-küy eşitdik. Nərmanov parkının çıxış tərəfində oturmuşduq. Qayıdanda gördük ki, insanlar qan-tər içində metrodan çıxır. Qorxudan, stressdən şok keçirmiş vəziyyətdə idilər. Böyük əksəriyyətini polislər təxliyə edirdi. Bəzi gənclər yaşlılara, qadınlara kömək edirdilər. Camaat insanların qışqırtısına yetişməyə çalışırdı, ancaq su yox idi. Metronun girişində press-kiosklar var idi. Həmin vaxt 0,40 qəpik olan suyu 0,80 qəpiyə, hətta bəzilərini 1 manata qaldırmışdılar. Biz də ayın əvvəli idi deyə təzə maaş almışdıq. Rövşən Əsədov, Şahin Sərdarlı və mən. Heç bir tərəddüd etmədən orda xeyli miqdarda pul xərclədik. Ödənişi edib camaata su paylamağa başladıq. Hansısa dostlarımız tərəfindən həmin anların fotosu çəkilib paylaşıldı və sosial mediada gözləmədiyimiz dərəcədə zəlzələ effekti doğurdu. İnsanların həmrəyliyi, vətəndaşların bir-birinə kömək etmələri, xilaskarlıq göstərmələri… Həmin gün baş verənlər sözün əsl mənasında azərbaycanlıların bir-birilərinə qarşı ən böyük formulu kimi yadda qaldı, nəinki belə kritik məqamlardan sui-istifadə edənlərin. Yaxşılıqlar pisliklərin üzərinə çıxdı. Bizimlə yanaşı fiziki baxımdan güclü olan bir polis əməkdaşı da insanları çiyninə atıb metrodan çıxarırdı. Bu hadisədən, təxminən, yarım ay, ya 1 ay sonra Daxili İşlər Nazirliyinə müraciət etdim. Həmin polis əməkdaşı kadrlarda mənimlə yanaşı düşmüşdü. Ona təşəkkür etmək istədim. Həmin əməkdaşı tapdıq, minnətdarlığımı bildirdim. DİN də bununla bağlı həmin polis əməkdaşına təşəkkür etmişdi. Belə bir görüntü yaxşı mənada çox şeyi dəyişdi, ictimai rəyi, bütün düşüncəni… Mənim həyatımı da dəyişdi. Elə bir möhtəşəm duyğu yaratdı ki, illər keçsə də, unulmayacaq…”

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 4 İyul 2022, 16:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin