BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: “Azərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatı vasitəsilə parlament diplomatiyasını inkişaf etdirir”

 

“Azərbaycanın  2019-ci ildə Qoşulmama Hərəkatına sədrliyə başlaması ilə təşkilatın fəaliyyətinə yeni nəfəs, canlanma gətirdiyi artıq bir faktdır. Bu, Qoşulmama Hərəkatının keçirdiyi tədbir və görüşlərin intensivləşməsində, üzvlər arasında həmrəyliyin formalaşmasında və hökm sürməsində, yeni təşəbbüslərin irəli sürülməsində və həyata keçirilməsində özünü göstərir. Belə təşəbbüslərin bir çoxu Azərbaycan tərəfindən irəli sürülür və onların reallaşmasında Azərbaycan liderlik rolunu öz üzərinə götürür. Bu cür səmərəli yanaşma sayəsində hərəkata üzv dövlətlər arasında Azərbaycandan ərazi, əhali, iqtisadi və hərbi güc, eləcə də bir sıra digər meyarlar baxımından qat-qat böyük dövlətlərin yer almasına baxmayaraq, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə quruma 2011-ci ildə üzv olmuş ölkəmiz Qoşulmama Hərəkatının aparıcı üzvünə çevrilib. Bu, həm də Azərbaycanın Qoşulmama Hərəkatı xaricində də beynəlxalq nüfuz və hörmətini artırıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

“Milli Məclisin sədr müavini olaraq Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm işlərdən birini ayrıca vurğulamaq istərdim. Bu da Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis edilməsidir. Ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyü və sədrliyi  Milli Məclisin beynəlxalq fəaliyyətinin güclənməsinə təkan verib. Başqa sözlə desək, parlament diplomatiyasının inkişafı üçün gözəl bir fürsət yaranıb və Azərbaycan Respublikasının Milli Məclisi Sahibə Qafarovanın sədrliyi ilə ölkəmizin parlament diplomatiyasını uğurla yürüdür. Bu da təbiidir. Çünki cənab Prezident İlham Əliyevin 2020-ci ildə yeni formalaşmış parlamentin ilk iclasında çıxışı zamanı  qarşıya qoyduğu əsas vəzifələrdən biri Milli Məclisin beynəlxalq arenada fəaliyyətinin daha da gücləndirilməsi olmuşdur. O, çıxışında qeyd etmişdir ki, parlament və onun üzvləri beynəlxalq təşkilatlarda daha yüksək səviyyədə təmsil olunmalıdırlar. Ona görə ki, Azərbaycan həqiqətlərini, xüsusən Qarabağ münaqişəsilə bağlı həqiqətləri dünyaya çatdırmalıyıq.

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətimizin İspaniyaya səfəri zamanı paytaxt Madrid şəhərində 2021-ci il 26 noyabr tarixində Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilmişdir. Beynəlxalq əməkdaşlıq islahatlar prosesinə qanunvericilik dəstəyinin verilməsində xarici ölkələrin təcrübələrinin öyrənilməsi baxımından əhəmiyyətlidir, eləcə də Azərbaycan təcrübəsinin xaricə çatdırılması üçün mühümdür. Bu gün əminliklə demək olar ki, bu istiqamətdə digər ölkələrin parlamentləri ilə və beynəlxalq təşkilatlarla effektiv surətdə əməkdaşlıq edirik. 30 iyunda Bakıda Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının uğurla və səmərəli surətdə keçirilməsi buna parlaq sübutdur. Tədbirdə çıxış edən Prezident İlham Əliyev  bildirdi ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılmasından savayı, qurumun Gənclər Sammitinin keçirilməsi və Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması Azərbaycan tərəfindən irəli sürülmüş və digər üzvlərin  dəstəyini qazanmış önəmli təşəbbüslər sırasındadırlar. Azərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatının təkcə üzvlərinin bir-birlərinə dəstək ifadə etmək platforması kimi çıxış etməsinə deyil, eyni zamanda qurumun beynəlxalq arenada daha fəal rol oynamasına xidmət edir. Bu kontekstdə Azərbaycanın təşəbbüsü və öncüllüyü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qlobal parlament diplomatiyasında səsi eşidilən fəal bir aktora çevriləcəyinə olan ümid və inam artır”.

Tarix: 5 İyul 2022, 15:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin