BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda kişi ev sahibinə qısqandığı arvadını döyərək burnunu sındırdı

Abşeronda kişi qısqanclıq zəminində arvadını döyərək burnunu sındırıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə elan olunub.


Hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.


Belə ki, Zakir Səfərov (ad, soyadı şərti) kirayədə yaşadığı evdə qısqanclıq zəminində аrаlаrındа yaranmış mübahisə zamanı arvadı Vəsilə Səfərovanın (ad, soyadı şərti) sifət nahiyyəsindən təpik vurub. Nəticədə qadının burun sümüyü sınıb.


Məhkəmədə ifadə verən Zakir Səfərov törətdiyi əməli etiraf edib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Vəsilə ilə 2013-cü ildə ailə həyatı qurub, birgə nigahdan üç övladları var:


“Hadisə günü Məmmədli kəndində spirtli içki qəbul etdim. Saat təxminən 17:00 radələrində sərxoş vəziyyətdə evə gəldim. Evə gələn zaman Vəsilənin evin sahibi ilə həyətdə əyləşib söhbət etməsini gördüm və onu yanıma çağırdım. Həmin vaxt Vəsilə telefon vasitəsi ilə video çəkirdi. Sərxoş vəziyyətdə olduğumdan onun bu hərəkəti mənə pis təsir etdi və əsəbiləşərək təpik zərbəsi ilə bir dəfə Vəsilənin burun nahiyəsindən vurdum. Bir neçə saatdan sonra qayım bizə gəldi. Məndən nə baş verdiyini soruşdu. Mən də Vəsiləni vurduğumu dedim. Sonra qaynım DİN-in “102 Xidməti”nə zəng edərək məlumat verdi”.


Zakir Səfərov ifadəsinin davamında bildirib ki, sonradan arvadı ilə barışıb: “Əməlimdən peşmançılıq çəkirəm. Məhkəmədən işin xitam olunmasını xahiş edirəm”.
 

Daha sonra məhkəmədə zərərçəkmiş Vəsilə Səfərova dindirilib. O, əri tərəfindən qısqanclıq zəminində döyüldüyünü, hazırda isə Zakirlə barışdığını söyləyib.


Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilib və Zakir Səfərov cinayət məsuliyyətindən azad edilib.
 

Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib.


Kamal Məmmədov 

Tarix: 6 İyul 2022, 14:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin