BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “LGBT üzvlərinə parlamentdə yer verilməsi mümkün deyil”

“Ötən gün TikTok-da canlı yayım açaraq metroda əlində balta ilə zorakılığa cəhd edən şəxsin əməlini düzgün qiymətləndirmirəm. Özünü bu cür nümayiş etdirməsi, əlinə balta götürməsi doğru hal deyil. Bu, hüquq normalarına ziddir. Qətiyyən olmaz. Əlbəttə, onun bir azərbaycanlı kimi cinsi azlıqlara qarşı özünün ciddi münasibətini bildirməsini müsbət qiymətləndirirəm, təşəbbüs göstərib. Amma münasibət, təşəbbüs belə olmalı deyil. O, bir qeyrətli Azərbaycan kişisi kimi LGBT üzvlərindən biri ilə səmimi görüşsəydi, başa salsaydı, bunu reklam etsəydi, daha yaxşı olardı. Nəinki əlində balta, çəkic aparıb özünü elə göstərməyi. Təbii ki, LGBT-nin ölkəmizdə təbliği bizi istəməyən qüvvələrin əməlləridir. Bunun qarşısı isə düzgün təbliğatla, maarifləndirmə ilə alınmalıdır. Həmin adamları başa salmaq lazımdır ki, bu, nə qədər ziyanlı bir tendensiyadır. Azərbaycanda bunu təbliğ edənlər düşmən, yaramaz adamlardırlar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, bəzi insanlar xarici avantüranın, qüvvələrin təsiri altında müəyyən meyillərə düşürlər: “Millətimizin adət-ənənəsinə, mentalitetinə uyğun olmayan bu halın Azərbaycana gətirilməsinə təşəbbüs göstərirlər. Bu, düzgün deyil, tam əleyhinəyəm, qarşısı qəti şəkildə alınmalıdır. Ola bilər ki, hansısa ölkənin, millətin özünəməxsus adət-ənənəsi var və onları təbliğ edirlər. Ancaq Azərbaycanda LGBT-nin, onların öz yaramaz əməllərinin təbliği qəbulolunmazdır, bu kimi adamlara parlamentdə yer verilməsi heç vaxt mümkün deyil. İnanmıram ki, bu, nə vaxtsa olar. Təbii ki, müəyyən hüquqi qaydalar, normalar olmalıdır. Yoxsa, bu, zorakılıqla, qəddarlıqla, cinsi azlıqları alçaltmaqla, döyməklə düzələn iş deyil. Çünki onlar insandırlar, hüquqları var, sözlərini deyə bilərlər. Söz azadlığı var. Təkliflər verə bilərlər. Bu məsələ 2003-cü ildə çox geniş qaldırılmışdı. Avropa Şurasının deputatlarından biri Bakıya tez-tez gəlir, LGBT-ni təbliğ edirdi. Deyirdi ki, Azərbaycan mütləq cinsi azlıqların nümayəndələrini tanımalı, onları qəbul etməlidir. Mən və rəhmətlik Zahid Qaralov onunla görüşdük. Zahid müəllim dedi ki, “sən nə danışırsan? biz azərbaycanlıyıq, rusların, gürcülərin, başqa millətlərin ayrı adətləri var, bizim millətin də özünməxsus adət-ənənəsi, bu, mümkün olan şey deyil”. O isə dedi ki, “yox, bu, olacaq, Avropa Şurasının qapısını açmısınızsa, bunu qəbul etməlisiniz”. Müəyyən mübahisələr düşdü. Həmin deputat belə bir yaramaz təklif verdi. Dedi ki, “inanın, 1 ildən sonra bir də görəcəksiniz, Bakıya gəldim, yanımda öz həmcinsim olan həyat yoldaşımla…” Rəhmətlik Zahid müəllim də bizə dedi ki, “bu mütrüf oğlu mütrüf nə danışır? Azərbaycanda nə danışdığını bilir?””.

 

T.Rzayev bildirib ki, televiziya efirlərində LGBT nümayəndələrinə yer ayrılması, onların efirə çıxarılmaları düzgün deyil: “Televiziya kanallarının efirində müəyyən kinoların da verilməsi ilə bu məsələlər qabardılır. Belə şeylər efirdən yığışdırılmalıdır. Biz azərbaycanlı kimi öz kökümüzü yaşatmalıyıq. Şərəfimizi, mənliyimizi, ləyaqətimizi daim qorumalıyıq. Bu nə deməkdir? Dünən də bir görüntü rastıma çıxıb. İki kişi çox eybəcər hərəkətlər edir, camaat da bunlara baxır. Bu, ikrah doğurur, cəmiyyət üçün nə qədər ziyandır... Birinci insanın millət kimi millət ola bilməsi onun dünyaya övlad gətirməsində, onu tərbiyə etməsindədir. Doğrudan da, eyni cinslər bir-biriləri ilə ailə qururlarsa, axı bunlar dünyaya uşaq gətirə bilməzlər. Onda bəşəriyyət hara gedir? Bəşəriyyət sonsuzuluğa gedir? Övladı olmayan adamda uşağa qarşı məhəbbət ola bilməz. Ailələrdə məhəbbətin ülviliyi uşağın doğulmasından sonra əmələ gəlir. Uşaqla insana məhəbbət gəlir. Sən uşağa qayğı göstərmirsənsə, nə insansan, nə valideynsən? Eybəcər şeylərdir bunlar…”

 

Aytəkin Qardaşova

Tarix: 6 İyul 2022, 14:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin