BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahil Babayevdən qorxuram

“Məmurun sifəti qar kimi solğun idi və tam ölü adama bənzəyirdi”.

 

Nikolay Qoqolun “Şinel” əsərindən

 

Məmur. Bu gün sosial şəbəkərdə, mediada, demək olar ki, hər yerdə bu əşya adına ismin altı halında rast gəlirik. Məmur özbaşınalığı, məmur məsuliyyətsizliyi kimi ikinci növ ismi birləşmələr də demək olar ki, söhbətlərimizin əsas müzakirə predmetidir. Bu gün həmin məmurlardan-nazirlərdən biri haqqında danışacağıq. Sahil Babayev. Deyə bilərsiniz ki, mediada kifayət qədər sərt tənqid olunan, yarıtmaz fəaliyyəti sübut olunan cənab Babayev haqqında axı yeni nə deyə bilərsiniz? Aşağı-yuxarı bu arqumentlə razılaşmaq olar. Amma demək olar ki, o, hər gün yeni bir qərarı ilə gündəmə gəlmək üçün “dəridən-qabıqdan çıxır”.

 

Yəqin oxucularımıza bu söz yaxşı tanışdır: Məmur dövlətin imicidir. Əgər müxtəlif sahələrdə çalışan dövlət qulluqçusu işini sevən, ləyaqətli, peşəkar simadırsa, bu, dolayısı yolla yox, birbaşa dövlətin üzünə çevrilir, sanballılıq, xarizma, dərin anlayışlar istənilən vətəndaşda uğurla assosiasiya olunur. Təəssüflər olsun ki, indi at izi it izinə qarışıb. Yaxşı ilə pisi ayırmaq üçün müxtəlif anlayışlar, təriflər ayırd edilməyəcək həddə namüəyyəndir.

 

Amma Sahil Babayevi tanımaq üçün böyük istedad sahibi olmaq lazım deyil. Onu təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi tanımır. Qohumları, doğmaları bir yana, artıq bütün ölkə onun heçini-piçini də bilir. Dövlətin ali rəhbərliyinin sosial siyasətinə kölgə saldığına görə uşaqdan tutmuş ahıl adamlara qədər hamı Sahil Babayev tipini dərinliyi ilə şərh edir, eninə-uzununa ölçür, “pis məmur” yarlığı ilə dəyərləndirir.

 

Ona görə də bu barədə geniş, müfəssəl danışmayacağıq. Bircə onu demək vacibdən də vacibdir ki, ölkənin sosial siyasətinin Sahil Babayev kimi şəxslərdə olması çox təhlükəli və qorxunc haldır. Çünki onun bədən dili, gecikmiş reaksiyaları, nazirlik aparatının iş əmsalı gündən-günə qıcıq yaradır, qarşıda duran əksər vəzifələr qüsurla həyata keçirilir ki, bu da özünün mənfi təsirləri ilə uzun müddət dalğalı şəkil alır.

 

Doğrudur, Babayev elə bir sahəyə rəhbərlik edir ki, buraya əsasən narahat təbəqə axın edir. Pensiyaçılar, sosial rifah halı aşağı olanlar, işsizlər, qazilər, eləcə də adını çəkmədiyim digər vətəndaşlarımızla işləmək kimi çətin bir vəzifə var nazirliyin qarşısında. Amma bu vəzifənin böyüklüyünü, əhəmiyyətini, fəlsəfəsini dərk etməyən nazirimiz də var və bütün problemlər də bundan başlayır. Sahil Babayev idarəçi kimi sıfırdır. O, onsuz da problemləri olan vətəndaşlarla dövlətin böyüklüyünü göstərən dillə danışa bilmir. Nazir adının mahiyyətini ancaq yüksək vəzifə olaraq ad-san, şan-şöhrət kim qəbul edir. Prezidentin dəfələrlə vurğuladığı kimi, xalqın qulluqçusu olmaq anlayışını yaxına da buraxmır. Babayevin idarəçilikdən anlayışı olsaydı, işində Monteskye prinsiplərini tətbiq edərdi. O prinsiplər ki, Vətənin böyüklüyünü şərtləndirən qazilərlə onların öz dili ilə danışardı. Fədakar dövlət qulluqçusu kimi, idarəetmədə xalqın və dövlətin ruhunun sintezini yaradardı. Cənablar, burada çətin bir şey yoxdur.

 

Mən bu hakimiyyətdə elə məmurlar tanıyıram ki, təpədən dırnağa qədər dövlətçidir. Müqayisə üçün əlbəttə, yaxşı olardı ki, həmin məmurların idarəetmə prinsiplərindən danışardım. Ancaq hələ buna ehtiyac duymuram.

 

Amma tam səmimiyyətimlə təssüf hissi keçirirəm ki, Sahil Babayev də belələrindən ola bilərdi. Olmadı və ya olmaq istəmədi. O daha çox qorxulu obraz roluna girdi. Niyə məhz qorxulu? Çünki cənab nazir insnaların taleyinə çox laqeyddir. Müəllifini unutduğum hansısa yazıçının dediyi kimi, düşmənlər qorxulu deyil – ən pis halda onlar səni öldürə bilərlər. Dostların da həmçinin – ən faciəli şəkildə onlar sənə xəyanət edərlər. Laqeyd adamlar qorxulu olur. Onlar nə öldürür, nə də xəyanət edir. Lakin onların fəaliyyətsizliyi qarşısında bütöv bir nəsil ah-nalə çəkir.

 

Bəli, həmin fikirlərin təbirincə desəm, mən Sahil Babayevin laqeydliyindən qorxuram. “Yuxarıdan nə deyirlərsə, mən də həyata keçirirəm” kimi başısoyuq yanaşma dövlətçilik hissi ilə daban-dabana ziddiyyət təşkil edir. Əlbəttə, belə yanaşma zərərlidir, təhlükəlidir.

 

Çünki kor-koranə öz xidməti vəzifələrini yerinə yetirən nazir məmur-vətəndaş qarşıdurması yaradır. Onun jurnalist qarşısında qazilərlə bağlı məsələlərə açıqlama verməkdən gülə-gülə yayınması elə bizim bu dediklərimizin əyani sübutudur.

 

Odur ki, əgər Sahil Babayev hökumətin bir üzvü kimi bu məsuliyyəti daşımaqda qərarlıdırsa, artıq populist səhvləri ilə gündəm yaratmasın. Əks təqdirdə fəlsəfəsindən əl çəksin. O fəsləfəsindən ki, faydası sübut olunmayıb, ziyanı isə göz qabağındadır.

 

Fadil Paşayev

 

 

 

 

Tarix: 6 İyul 2022, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin