BURADA REKLAMINIZ OLA
BİLƏR

İntihara cəhd edən qazinin qardaşı: “Deputatın köməkçisinə zəng vururam, rədd edir”

“İcra başçısı yaxşı ağac əkə, suvara bilər, ancaq bu, onun yaxşı insan, yaxşı məmur olmasından xəbər vermir. Kaş ki, ağaca göstərdiyi sayğının cüzi hisəsini insana yönəldəydi. Kaş ki, qardaşım onun pəncərəsinin altında “məni bezdirmisiniz, artıq yaşamaq istəmirəm, özümü yandıracam” deyib ah-nalə edəndə, o icra başçısı pəncərəsindən boylanaydı, işçisini göndərəydi, deyəydi, çıxın, gətirin içəri, görək, bu adamın dərdi nədir”.

 

Pravda.az xəbər verir ki, bunu Meydan TV-yə hazırda xəstəxanada ölümlə olum arasında qalmış qazi, Sabirabad rayonu, Qalağan kənd sakini Elvin Cəfərovun qardaşı Elnur Cəfərov deyir.

 

Elvin Cəfərov İkinci Qarabağ Müharibəsi qazisidir, o, iyulun 10-da Sabirabadın icra hakimiyyəti binasının qarşsında özünü yandırıb. Əvvəlcə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına götürülüb. Ancaq vəziyyəti ağır olduğundan axşam saatlarında Bakıya – 5 saylı Birləşmiş Şəhər Xəstəxanasının yanıq şöbəsinə göndərilib.

 

Qardaşı Elnur Cəfərov onun durumunun ağır olduğunu deyir: “Bədəninin 70 faizi yanıb. Böyrəkləri tamam sıradan çıxıb. Həkimlər deyir, 3 gün gözləyək. 3 gün ərzində həyatda qalsa, sonra da 14 gün ərzində bədəndə gedən zəhərlənmə prosesi izlənəcək. Daxili orqanları stabil çalışıb bədəndəki zəhəri ifraz edə bilsə, həyatda qalma şansı olacaq. Ancaq indiki durumda həkimlər konkret bir söz deyə bilmir”.

 

Məsələ ondan ibarətdir ki, Elvin Cəfərov müharibədən əvvəl günəmuzd işləyib ailəsini dolandırırmış. Ancaq müharibədən travmalarla qayıdıb və əmək fəaliyyətiylə məşğul ola bilməyib. Ona kontuziyaya görə üçüncü qrup əlillik təyin edilib, 420 manat əlillik təqaüdü alırmış. İki aydır ki, təqaüd səbəb göstərilmədən ləğv edilib. Qardaşı danışır: “Elvinin evində 9 və 11 yaşlı oğlanlar böyüyür. Elvin onları vətənpərvər ruhda tərbiyə edir, sabah böyüyüb, gedib vətənin keşiyində dayanacaqlar. Ancaq bu gün məmurlar atanı o uşaqların gözünün qarşısında özünü öldürmək həddinə çatdırıblar. Mənə təsir edən odur ki, dünən axşamdan qardaşımı Bakıya – xəstəxanaya gətirmişik, ancaq bir qurum, bir məmur onun vəziyyətiylə maraqlanmayıb. Deputatımızın köməkçisinə zəng vururam, zəngimi rədd edir”.

 

Deputat Kamal Cəfərov isə məsələyə belə reaksiya verib: “Çox təəssüf edirəm ki, bir neçə gün öncə Qurban bayramı münasibəti ilə görüşdüyüm "Mauqli" ləqəbli qazimiz Elvin Cəfərov hazırda çox ağır həyat mübarizəsi aparır. Dünənki hadisədən sonra Sabirabad rayon mərkəzi xəstəxanasının direktoru Ənvər doktor, daha sonra 5 nömrəli yanıq xəstəxanasının aidiyyəti rəhbər şəxsləri və şəxsi həkimi Vurğun doktorla Elvinin səhhəti ilə bağlı maraqlanmışam. Bu an Elvinin tək ehtiyacı hər birimizin dualarıdır. Allahdan Elvinə şəfa diləyirəm”.

Tarix: 11 İyul 2022, 21:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin