BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Adət-ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynayır” – RƏY

Azərbaycanın dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olsa da, bütün çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməyib. Azərbaycan tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Bu gün Azərbaycan özünün yeni dövrünü yaşayır və dövlətçilik ənənələrimiz, zəngin mədəniyyətimiz əsas dayaq nöqtəsidir.

 

Milli Məclisin deputatı Tahir Rzayev Pravda.az-a bildirib ki, Azərbaycan xalqının özünəməxsus milli-adət ənənələri, mənəvi dəyərləri var:

“Bu milli-mənəvi dəyərlərə söykənməklə xalqımız özü tarixini, adət-ənənələrini daim yaşadır. Azərbaycanda son illər həyata keçirilən bir sıra mühüm tədbirlər də bunu deməyə əsas verir. Məsələn, ölkəmizdə bir neçə ildir keçirilən “Muğam müsabiqəsi” milli dəyərlərimizə söykənən, musiqimizin, muğamımızın yaşadılmasına xidmət edən çox mühüm layihədir. “Muğam müsabiqəsi”ni bu gün nəinki Azərbaycan xalqı, bütün müsəlman dünyası izləyir. Bu, milli mədəniyyətimizin, tariximizin təbliğində çox böyük vasitədir. Cənab Prezident hər zaman deyir ki, tariximizi təbliğ etməli, öyrənməliyik. Ulu ödər Heydər Əliyev də vaxtilə deyirdi ki, tariximizi öyrənməsək, keçmişimizə baxmasaq, yol verilən nöqsanlardan nəticə çıxarmasaq, gələcəyə uğurla gedə bilmərik. Bilməliyik ki, Azərbaycan xalqı hansı tarixi yolu keçib, qələbələr qazanıb, səhvlərimiz nə olub? Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox böyük qiymətləndirilib, bununla bərabər o dövrdə müəyyən səhvlərə, gərginliklərə də yol verilib”.

 

T.Rzayev deyib ki, tarixi öyrənmək, təhlik etmək gələcək nəsillərə çatdırılması baxımından çox əhəmiyyətlidir: “İlk növbədə dilimizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyət tariximizi, adət-ənənələrimizi hər birimiz yaşatmalıyıq. Dilimizi mükəmməl bilməsək, təbliğ etməsək, heç vaxt başqa xalqların dilinə müsbət münasibət bəsləyə bilmərik. Bütün bunlar insan mənəviyyatının, həyatının tərkib hissəsidir və mütləq olmalıdır. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği sahəsində xüsusən Vətən Müharibəsindən sonrakı dövrdə çox sayda humanitar tədbirlər həyata keçirilib. Bu tədbirlər bilavasitə Azərbaycanın inkişafını beynəlxalq səviyyədə nümayiş etdirməyə əsaslanıb. Ölkəmizdə keçirilən beynəlxalq idman yarışları, konfranslar və s. Azərbaycanın dünyada tanıdılmasına xidmət edir. Son dövrlə bunun əhəmiyyətini görürük. Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı nəyə xidmət edirdi? Birbaşa Azərbaycan mətbəxinin milli yeməklərinin təbliğ olunmasına. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı həm Şuşanın tanıdılmasına, həm “Xarıbülbül” adı altında milli dəyərlərimizin təbliğinə xidmət edirdi. Bütün bunlar xalqımızın milli addət-ənənələrinin tanıdılması, mənəvi inkişafımız baxımından çox vacibdir. Min illər boyu formalaşan təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynayır”.

 

Kulturoloq Əbülfəz Babazadə isə bildirib ki, Azərbaycanda hər zaman milli-mənəvi dəyələrə, adət-ənənələrə, mədəniyyətə, incəsənətə, elm və təhsilə böyük maraq olub:

Əbülfəz Babazadə: Ulu öndər Heydər Əliyev milli xoreoqrafiya sənətinin  inkişafına böyük dəstək göstərib - AZƏRTAC

“Bu istiqamətdə həm dövlət, həm vətəndaşlıq mövqeyini nümayiş etdirən ayrı-ayrı şəxsiyyətlər, yeni dövrdə isə həm də vətəndaş cəmiyyəti institutları tərəfindən məqsədyönlü fəaliyyət göstərilib. Həqiqətən tariximizin ən əlamətdar dövrünü yaşayırıq. 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm Qələbədən sonra hər bir sahədə olduğu kimi, yuxarıda qeyd olunan sahələrdəki fəaliyyətlər də mahiyyət və istiqamət baxımından dəyişdi. Qarşımıza yeni-yeni hədəf və vəzifələr qoyuldu. Vətən Müharibəsində qələbədən sonra elmdə, təhsildə, mədəniyyət və incəsənətdə yeni prioritetlər formalaşdı. Təbliğat məsələlərinə gəldikdə isə, ilk növbədə bu sahədə lokomotiv rolunu oynayan Heydər Əliyev Fondunun çoxşaxəli fəaəliyyətini göstərmək olar. Ölkədə həyata keçirilən uğurlu mədəniyyət, elm, təhsil, gənclər və idman siyasətinin nəticəsidir ki, əldə olunan nəticələri layiqincə dünya səviyyəsində nümayiş, təbliğ edə bilirik. Çatışmazlıqlara gəldikdə isə qeyd etməliyəm ki, sosial şəbəkələrdəki əksər istifadəçilərimiz bəzən yoxlanılmamış məlumatlar yayır, eyni zamanda nitqinə, yazısına fikir vermir. Bu da ölkəmizin nüfuzuna xələl gətirir. Hər bir sahədə peşəkar olmaq çətindir, amma hər kəs öz bilik və bacarığı üzərində çalışsa, təbliğat da düzgün olacaq. Bu gün özümüzə qoyulan sərmayə birbaşa təbliğat mexanizmidir. Çünki özümüzü necə təqdim etsək, o da xalqımız, ölkəmiz barədə rəy formalaşdıracaq. Ölkədəki son islahatlar onu göstərir ki, bu gün Azərbaycanda düzgün təbliğat formaları yaradılır və bu təbliğat formalarının bəhrəsinin tezliklə canlı şahidi olacağıq".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 6 Avqust 2022, 11:35   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin