BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda referendum keçiriləcək, sonra parlament buraxılacaq? – Məlahət İbrahimqızı İlqar Məmmədova cavab verdi

“REAL Partiyanın sədri İlqar Məmmədovun Azərbaycanda yaxın vaxtlarda referendumun və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi iddiasını tamamilə inkar edirəm. Azərbaycan müstəqillik qazandıqdan sonra dəfələrlə parlament, prezident, bələdiyyə seçkiləri, eləcə də erkən prezident və parlament seçkiləri keçirib. Bunların heç biri hər hansı ölkədə baş verən siyasi hadisələrlə deyil, sadəcə olaraq, ölkəmizin ictimai-siyasi həyatı, dövlətimizin apardığı siyasətlə bağlıdır. Biz Azərbaycanın daxili siyasətini ölkəmizdəki proseslərlə, vəziyyətlə əlaqələndiririk. Azərbaycanın milli qanunvericiliyi və konstitusiyası var. Ona görə də İlqar Məmmədovun Azərbaycandakı siyasi vəziyyəti Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqələndirməsini qəbul etmirəm”.

 

Bunu Pravda.az- açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Deputat bildirib ki, o, İlqar Məmmədovun Türkiyədə keçiriləcək seçkilərlə bağlı səsləndirdiyi fikirlərlə də razı deyil: “İlqar Məmmədov Türkiyədə baş tutacaq seçkilərdə Prezident cənab Rəcəb Tayyib Ərdoğanın seçilməsinin sual altında olduğunu bildirir. Bu isə mənə çox qəribə gəldi, çünki bu gün Türkiyədə Ərdoğanın qarşısına çıxacaq ikinci şəxs yoxdur. Hətta İlqar Məmmədovun bu fikri özünün dəstəklədiyini də müşahidə etdim. O, Ərdoğanın seçilməmə şansını elə əminliklə deyir ki, bunun haradan qaynaqlandığını bilmirəm. Əminliklə deyirəm ki, inşallah, gələn il, yəni 2023-cü ildə qardaş Türkiyədə keçiriləcək seçkilərdə Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğan yenidən qalib gələcək. Bu, birmənalıdır. Parlament seçkilərində əvvəlki illərlə nisbətdə bir az aşağı faiz ola bilər, amma bu gün bununla bağlı tam heç nə deyə bilmərik. Türkiyə xalqının seçimi məhz Ərdoğan olacaq. Xalq, ictimaiyyət, seçicilər anlayır ki, dünyada baş verən geosiyasi proseslər fonunda, Türkiyənin yerləşdiyi bölgədə, xüsusilə də Cənubunda beynəlxalq, imperialist, türkofob güclərin həyata keçirmək istədikləri proseslər bəllidir. Onlar illərdir ki, bunu edirlər. 2023-cü ildə də nəyin bahasına olursa,-olsun bu qüvvələr Ərdoğan, eləcə də onun rəhbərlik etdiyi partiya qazanmasın deyə müxtəlif maneələr, seçkiqabağı yeni oyunlar həyata keçirməyə cəhd edəcəklər. İndiyə qədər “Soros”çular, FETÖ-çular müxtəlif problemlər yaradıblar. Həmin qüvvələr dəfələrlə Azərbaycanda da narahatlıqlar yaratmaq istəyiblər. Müxtəlif inqilablar, xüsusilə də son illər iqtisadi böhranlar, inflyasiya, devalivasiya seçkilərdə Rəcəb Tayyib Ərdoğanın seçilməsinin qarşısını almaq və inkişafı zəiflətmək üçündür. Bildiyimiz kimi, 4-5 aydır ki, Rusiya-Ukrayna savaşında bir çox dünya ölkələri Ukraynaya açıq kömək edir.  Ölkənin durumunun necə olduğu göz önündədir. Amma Türkiyə illərdir ki, ölkənin Cənubunda və Yaxın Şərqdə yaradılmış müxtəlif terror qrupları ilə mübarizə aparır. İllərdir ki, Türkiyə anti-terror əməliyyatları keçirir... Türkiyə NATO ölkəsidir və qurumun Nizamnaməsinin 5-ci maddəsində qeyd olunur ki, quruma üzv olan hər hansı ölkənin təhlükəsizliyinə təhdid yaranarsa, bu alyansın digər üzvlərinə də aiddir. Amma indiki halda alyansa daxil olan heç bir ölkə Türkiyəyə kömək etmir. Türkiyə Yaxın Şərqdə terrora qarşı mübarizəni təkbaşına aparır. 2016-cil ilin iyulun 15-də FETÖ-çular ölkədə çevriliş etməyə çalışdılar, amma baş tutmadı. Türkiyə hazırda da terrorla mübarizəni davam etdirir. Terrorla mübarizə elə müharibə deməkdir. Bu mübarizə üçün də dövlətin büdcəsində nə qədər vəsaitin ayrılması məlumdur. Bunların hamısı Ərdoğanın qarşısını almaq üçündür. Onlar bilirlər ki, Rəcəb Tayyib Ərdoğan Türkiyəyə rəhbərlik etdiyi müddətdə ölkənin gələcəyi üçün böyük üfüqlər açır. Türkiyənin ildən-ilə dünyanın lider ölkələrindən birinə çevrilməsi Ərdoğan və onun komandasının simasında Türkiyəni sevməyən qüvvələri qane etmir. Buna görə də 2023-cü ildə seçkilər ərəfəsində müxtəlif problemlərin törədilməsinə cəhdlər olacaq. Amma əminəm ki, Türkiyədəki seçkilər uğurla həyata keçiriləcək. Azərbaycanda erkən seçkilərin və referendumum keçirilməsinə gəlincə, bununla bağlı heç bir işartı yoxdur. Seçkilər keçiriləcəyi təqdirdə belə, sadəcə, dövlətin apardığı siyasət olacaq və burada qeyri-qanuni heç bir hal olmayacaq. Türkiyədəki seçkilərin də bunula heç bir əlaqəsi yoxdur. İstənilən halda Azərbaycanla Türkiyə qardaş, dost olmaqla yanaşı, ən yaxın strateji müttəfiqdir. Bununla bağlı iki dövlət arasında 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi var. İllər keçəcək, iqtidarlar dəyişəcək, amma bu bəyannamə yenə də qüvvədə qalacaq. Yüz ildən artıqdır imzalanan Qars müqaviləsi kimi... Bu müqavilədən sonra Azərbaycan və Türkiyədə nə qədər proseslər olub, amma o, hələ də qüvvəsini saxlayır”.

 

Leyla Yusubova

Tarix: 7 Avqust 2022, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin