BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Məhkəmə Portalında problem yarandı

Azərbaycanın Vahid Məhkəmə Portalının saytında texniki problem yaranıb.


Pravda.az xəbər verir ki, son günlərdə portalın courts.gov.az internet ünvanı ilə məhkəmələrin saytlarına giriş, elektron axtarış sistemi, e-məhkəmə və digər bölmələrə keçid mümkün deyil.


Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, Nazirlik tərəfindən aparılan elektron informasiya resurslarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıqda yeni qurulmuş, “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartı üzrə sertifikatlaşdırılmış data mərkəzinə köçürülməsi ilə əlaqədar texniki işlər həyata keçirilir.


Həmin işlərin birinci mərhələsi çərçivəsində 5 avqust (iş saatlarından sonra) və qeyri iş günləri olan 6 və 7 avqust tarixlərində “Elektron məhkəmə”, “Elektron icra” və “E-qanun” informasiya sistemlərinin fəaliyyəti dayanıb: "Sistemlərin digər dayanma tarixləri barədə əlavə məlumat veriləcəkdir. Nəzərə alınması xahiş olunur".


Qeyd edək ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanında Məhkəmə-Hüquq Şurasına məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi tövsiyə edilib. Həmçinin Ədliyyə Nazirliyinə tapşırılıb ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasını təmin etsin, fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görsün, məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görsün.

 

Kamal Məmmədov 

Tarix: 7 Avqust 2022, 21:25   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin