BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Böhran dərinləşir: Banklarda pulu olan sahibkarların nəzərinə: “Ehtiyatlı olun”

“Hazırda dünyada iqtisadi maliyyə böhranı hökm sürür. Bunun əsas səbəb isə geoasiyasi gərginlikdir. Bu, əlbəttə, Azərbaycandan da yan keçmir və biz də ölkədə qiymət artımını görürük. İqtisadiyyata ciddi təzyiqlər və təsirlər var. Azərbaycan dünya ölkələrinin əksəriyyətindən fərqli olaraq, daha əlverişli mövqedədir. Bu da ölkəmizin neft və qaza sahib olduğuna görədir. Hazırda bu sərvətlərin qiymətləri artıb və biz onları sataraq çox yüksək valyuta gəlirləri əldə edirik. Ancaq bununla belə yenə də böhran var və dərinləşməsi gözlənilir”.

 

Bunu Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycanda bank sektorunda inhisarlaşma meyilləri güclüdür: “Bankların aktiv və kapital göstəricilərinə baxanda ən aşağıda yerdə qərarlaşanların vəziyyətinin ağır olduğunu görmək olar. Onlar bazardan gedə bilər. Həmin bankların problemləri də çoxdur və bu problemləri həll edə bilmirlər. Təbii ki, həmin bankların indiki səhmdarları, ya da başqa kimsə kənardan əlavə kapital qoysa, xilas etmək olar. Amma bu baş verməyəcəyi təqdirdə o banklar növbəti böhran dalğasında sıradan çıxa bilər”.

 

Ekspertin sözlərinə görə, Azərbaycanda bu proses son yeddi ildə dalğa ilə gəlir: “2016-cı ilin əvvəlində 7 bank, ortasında 4 bank bazardan getdi. Həmin ilin okytabr ayında isə ən böyük müflisləşən bank “Bank Standard” oldu. Daha sonra iki ilə yaxın bazarda sakitlik oldu. Lakin bu müddətdən sonra “DəmirBank” da getdi. Sonra yenidən durğunluq oldu və nəhayət 2020-ci ilin aprel-may aylarında 4 bank da bazardan getdi. Yəni bu proses dalğavari şəkildə gəlir. Bu zaman isə xırda və orta banklar inhisarçı bank sistemində rəqabətə tab gətirə bilmirlər. Belə vəziyyətdə vətəndaşlar üçün heç bir təhlükə yoxdur. Fiziki şəxslərin qorunan əmanətlərinin (illik faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada 2,5%) kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manatadəkdir (xarici valyutada 100 min manat ekvivalentinədək). Yəni bank bağlansa belə, bu pul kompensasiya olunur. Vətəndaşlar bu məsələdə, sadəcə, bankda 100 min manatdan çox pul saxlamamağa və faiz dərəcəsinə fikir verməlidirlər. Bu vəziyyətdə əsas təhlükə sahibkarlar üçündür, çünki Azərbaycanda banklar bağlananda itirən məhz sahibkarlar və şirkətlər olur. Məhz onların hesabına vətəndaşların əmanətləri kompensasiya olunur. Belə ki, Əmanətlərin Sığortalanması Fondu vətəndaşların pullarını kompensasiya etdikdən sonra bağlanan bankın aktivləri hesabına kompensasiyaya sərf etdiyi pulu özünə qaytarır. Bu səbəbdən də ortada itirən həmin banklarda pulu qalan sahibkarlar və şirkətlərdir. Şirkətlər və sahibkarlar daha ehtiyatlı olmalıdırlar. Son illərdə onlar artıq bunu etməyə başlayıblar. Belə ki, sahibkarlar bağlanma ehtimalı çox az olan daha iri banklara üz tuturlar”.

 

Leyla Yusubova

Tarix: 8 Avqust 2022, 15:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin