BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhalinin nəzərinə: Riskli banklar mövcuddur, böhranın təsirindən ciddi problemlər yaşaya bilərlər

“Resessiya, böhran gözləntisi var, ancaq bunun olub-olmayacağı hələ dəqiq deyil. Hazırda ölkədəki bankların 1-2-si istisna olmaqla, onların maliyyə vəziyyətləri, resursları yerləşdirmələri, problemli kreditləri, risk səvviyələri o qədər də təhlükəli deyil. Xüsusilə də sistem qoruyucu bankların, yəni iri bankların vəziyyətləri kifayət qədər yaxşıdır. Azərbaycan Mərkəzi Bankının 236 milyon ABŞ dollarlıq valyuta satışı Azərbaycan Beynəlxalq Bankının keçmişdən qalan qısa açıq valyuta mövqeyi tam bağlanılıb. Bu, dollarla aktiv və passivlər arasında uyğunluq yaradılması deməkdir, yəni sabah risk yaranacağı təqdirdə bank buna hazır olacaq. 2015-2016-ci illər böhranlarından sonra bankların artıq müəyyən təcrübəsi var. O vaxtdan etibarən risk menecementlərini nisbətən yaxşılaşdırıblar. Həmin illərdə olduğu kimi, heç nə gözlənilməz olmayacaq. Ümumiyyətlə, əsas aktiv və kapital Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-5-nin ətrafında formalaşıb. Digər 25 bank böyük aktivlərə sahib deyil. Bu baxımdan maliyyə sektoru üçün banklardan gələcək ciddi təhlükə gözlənilmir”.

 

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

X.Kərimli bildirib ki, əhali resursları yerləşdirərkən bankın riskindən asılı olmayaraq 100 min manata qədəRi Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır: “Bu halda insanlar, hətta ən riskli banka belə 100 min manatadək olan vəsaitlərini qoya bilərlər. Belə ki, sığortaya ehtiyac duyulanda inzibati prosedurlara, məhkəmə qərarına uyğun olaraq, 1-2 ay ərzində vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşlara qaytarılır. 100 min manatdan artıq, böyük resurslar yerləşdirən şəxslər bunu müxtəlif banklar arasında paylaşdırmağa çalışmalıdırlar. Ümumiyyətlə, banklara investisiya qoyarkən balans, maliyyə hesabatlarına, dayanaqlığına, kapitalına baxmaq lazımdır. Onların hamısının maliyyə hesabatları yerləşdirilir və aylıq məlumatları da şəffaf şəkildə paylaşılır. Ümumi şəkildə riskli banklar mövcuddur, böhranın təsirindən ciddi problemlər yaşaya bilərlər. Ötən böhranlarda bəzi banklar səhmdarların dəstəyi ilə qala bildi, bəziləri sıradan çıxdı. Bankları böhran dönəmində nə gözləyə biləcəyinə nəzər yetirdikdə qeyd etməliyik ki, komissiya və digər xidmətləri çıxsaq, onların əsas satdığı məhsul kreditdir. Əsas gəlir faiz gəlirləri hesabına formalaşır. Böhran dönəmində kreditlərin toplanması çətinləşə bilər. Bu da bankların əsasən depozitorlar qarşısında öhdəliklərinə problem yaratması istisna edilmir. İnsanlar bunu nəzərə almalıdır, diqqətdə saxlamalıdırlar. Ötən böhrandan fərqli olaraq, indi banklar valyutanın məzənnəsinin korreksiyasına daha hazırlıqlıdırlar və işlərini daha yaxşı qura bilirlər. Əvvəllər bu risk nəzərə alınmırdı. İndi insanlar da belə risklərin mövcudluğunu qəbul edirlər”.

 

Ekspert qeyd edib ki, riskli bankları təklif etdikləri depozit faizlərindən tapmaq olar: “Ciddi şəkildə resurs çatışmazlığı ilə üzləşən bank satmağa resurs tapmır. Nəticə etibarilə də belə banklar əhalidən daha yüksək faizlə depozit cəlb etməyə olur. Qeyd edilənlərin hamısı resessiya ehtimalı çərçivəsində baxıla bilər. Bunun da olub-olmayacağı hələ sual altındadır. Ancaq hökumət bunu ssenari kimi qəbul edib, hazırlıq görürsə, banklar və insanlar da hazır olmalıdırlar. Azərbaycanın 2022-2026-ci illər strategiyasında və beynəlxalq şirkətlərin Azərbaycanla bağlı olan proqnozlarında ölkə üçün yaxın 3-4 ildə iqtisadi artım proqnozlaşdırılır. Hələlik Azərbaycanla bağlı neqativ ssenarilər yoxdur. Hökumətin proqnozları da əhəmiyyətli dərəcədə yüksəkdir və ilin ikinci yarısında da bunun yüksək olacağı gözlənilir”.

 

Leyla Yusubova

Tarix: 9 Avqust 2022, 12:55   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin