BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Otaq yoldaşını öldürən şəxs: “Faxı" ilə birlikdə “kakos” qəbul etdik, qışqırıb söyməyə başladı”

Bakıda otaq yoldaşı Fəxrəddin Əsədovu qətlə yetirməkdə təqsirləndirilən Ravil Baybəyovun məhkəməyə verdiyi ifadəsi məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

 

O dindirilən zaman deyib ki, “Faxı” kimi çağırdığı Fəxrəddini əslində öldürmək niyyətində olmayıb:

 

“Hadisə istəmədən ölümlə nəticələndi. Fəxrəddini təxminən üç il əvvəldən Suraxanı rayonu ərazisində yaşayan bir insan kimi tanımışam. Onun narkotik vasitə istifadəçisi olduğunu öyrəndikdən sonra aralamızda münasibət yaxşılaşdı. “Faxı” ilə birlikdə dəfələrlə narkotik vasitə istifadə edirdik. Tutulmazdan üç il əvvəldən başlayaraq "kakos" adlı narkotik vasitədən istifadə edirrdim. Fəxrəddin əvvəllər taksi fəaliyyəti ilə məşğul olurdu, sonra avtomobilini satdı. Danışmasından bilirdim ki, onun ailəsi dağılmışdı, arvad-uşağı “Faxı”nı atıb hansısa xarici ölkəyə köçmüşdür. Fəxrəddin arabir pul götürmək üçün bacısının yanına gedirdi. Yalnız bacısının Bakı şəhərində yaşadığını bilirdim. Özüm əsasən ev təmiri üzrə usta kimi işləyirdim və çörək pulu əldə edə bilmək üçün imkan olanda Fəxrəddini də yanımda işləməyə aparırdım. Fəxrəddin mənə qalmağa, yaşamağa yerinin olmadığını demişdi. Mən də ürəyim yandığı üçün kömək etmək qərarına gələrək onu öz evimə apardım və yanımda yaşamasına razılıq verdim. Evim çox kiçikdir, otağa bir çarpayı, bir divan və bir kreslo yerləşdirə bilmişdim. Mən çarpayıda, Fəxrəddin isə divanda yaırdı. Evimdə yaşamasının müqabilində “Faxı”dan heç bir halda pul almırdım, əksinə, yemək-içmək məsələsini də çox vaxt özüm həll edirdim. Çox kasıb vəziyyətdə olan Fəxrəddinə hər cür köməklik göstərmişəm, tam pulsuz olanda cib xərcliyini də vermişəm, faktiki əlacsız vəziyyətdə küçədə qalmı bu insana sahib çıxmışdım.

 

28 mart 2022-ci il tarixdə, axşam saat 19 radələrində Fəxrəddin ikimiz üçün “kakos” alıb gətirdi. Biz evdə birlikdə həmin narkotik vasitədən istifadə etdik. Səhəri gün saat 08 radələrində yuxudan oyanıb çay içdim. Həmin vaxt “Faxı” da oyanıb gələrək mənimlə birlikdə çay içməyə başladı. Sonra yenidən hərəmiz öz yatağımıza gedib uzandıq. Saat təxminən 10 radələrində Fəxrəddin narkotik vasitəyə ehtiyacı olduğunu, bu səbəbdən də ağrıdığını söylədi. Amma bizim narkotik almağa pulumuz yox idi. Bundan sonra Fəxrəddin yenə də ağrıdığı üçün evin içində səbəbsiz yerə qışqırdı. Mən də səs-küyünə görə ona irad bildirib sakit olmasını tələb etdim. Amma Fəxrəddin sözümə məhəl qoymayaraq yenə də evin içində qışqırırdı. Yenidən “Faxı”dan sakit olmasını tələb etdim. O isə məni təhqir edərək ünvanıma nalayiq söz işlətdi. Fəxrəddinin həmin nalayiq sözü mənə pis təsir etdi, ona qəzəbləndim. Ona görə də uzandığım yerdən qalxıb Fəxrəddinin üstünə getdim və onu itələyib sakit olmasını tələb etdim. Fəxrəddin də qışqıraraq bir daha mənə söyüş söydü. Mən də həmin an əsəbləşib onun yatdığı divanın qarşısında olan masanın alt hissəsindən mətbəx bıçağını götürdüm. Daha sonra “Faxı”nın bədəninə bir dəfə zərbə vurdum. Həmin vaxt Fəxrəddin mənə baxaraq “nə etdin, Ravil?” sözlərini dedi. Bu zaman sanki yuxudan ayıldım və dərhal bıçağı Fəxrəddinin bədənindən çıxartdım. Bundan sonra Fəxrəddin öz köynəyini qaldırdı, mənim bıçaq vurduğum yerə baxdı və yerə yıxıldı. Dərhal bıçağı yerə tulladım, etdiyim əməldən peşman olub  Fəxrəddinin yarasının üzərinə qoymaq üçün ağ rəngli parça gətirdim. Mobil telefonum yox idi. Buna görə təcili yardıma zəng etməklə bağlı qonşulardan kömək istəmək üçün evdən çıxdım. Evdən çıxmazdan əvvəl Fəxrəddinlə birlikdə narkotik vasitə qəbul etmək üçün istifadə etdiyimiz iynələri və digər zibilləri paketə yığdım, bıçağı gödəkçəmin cibinə qoydum və çölə çıxdım. Mən zibilliyə çatmamış həmin paketi yolda tulladım. Həmin vaxt itini gəzdirən yeznəm Rəfkəti bir qədər aralıda gördüm və ona əlimlə ürəyimi işarə edib təcili yardım çağırmasını xahiş etdim. Amma yeznəm mənə əhəmiyyət verməyib aralanıb getdi. Dərhal qonşuluqda yaşayan Parvazın evinə getdim.

 

Ona evimdə adam öldüyünü bildirib təcili yardıma zəng etməsini istədim. Lakin Parvaz telefonunda konturun olmadığını dedi. Bundan sonra yoldan keçən tanımadığım bir nəfərlə rastlaşdım və evimdə qalan tanışının özünü bıçaqla vurduğunu söylədim. Ona təcili yardım çağırmasını xahiş etdim. Həmin şəxs də zəng edərək təcili yardım çağırdı. Mən tanımadığım həmin şəxsin qorxmaması üçün yalandan evdəki şəxsin özü-özünü bıçaqladığını bildirdim. Təxminən 20 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəldi. Mən də qarşılayıb evə gətirdim. Təcili yardım gəldikdən bir müddət sonra polislər gəldi. Mən də Fəxrəddinin öldüyünü bildirib hadisəni polislərə danışdım. Evin qarşısına adamların toplaşmasına və səsə görə çölə çıxan bacısıma da Fəxrəddini nəzərdə tutub “onu vurdum" sözlərini dedim. Əvvəllər mərhum Fəxrəddinlə heç bir dava-dalaşım olmamışdı. Bir daha deyirəm Fəxrəddini öldürmək məqsədi ilə vurmadım. Hüquqi varis olan Fəxrəddinin bacısı məni bağışlayıb və barışmışıq. Ona görə də məhkəmədən bu halların nəzərə alınaraq mənə mümkün olan qədər humanist cəza təyin edilməsini xahiş edirəm”.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmənin hökmü ilə Ravil Baybəyov 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 10 Avqust 2022, 13:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin