BURADA REKLAMINIZ OLA
BİLƏR

Sosioloq: “Qız uşağını xarici ölkəyə oxumağa göndərməyə ehtiyac yoxdur”

Son illər övladlarının xaricdə təhsil almasına can atan valideynlərin sayı daha da çoxalıb. Çünki xaricdə təhsilin keyfiyyəti, eyni zamanda uşaqları üçün yeni imkanların açılacağına inam onlarda belə bir arzunun yaranmasına səbəb olub. Amma o da müşahidə edilir ki, xaricdə oxumaq istəyənlər arasında daha çox oğlanlar üstünlük təşkil edir.

 

Məsələyə münasibət bildirən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı Demokrat.az-a açıqlamasında bildirib ki, indiki dövrdə nəinki qız uşaqlarını, heç oğlan uşaqlarını belə xarici ölkələrə tək buraxmaq risklidir. Sosioloqun sözlərinə görə, məhz bu səbəbdən bizdə ailələrin böyük əksəriyyəti övladlarını xarici ölkəyə buraxmamağa üstünlük verir:

 

“Hazırda dünyada bir çox təhlükələr mövcuddur. Bu gün dünyanın bir çox ölkəsində kriminal ünsürlə meydan sulayır. Belə halda ailələr haqlı olaraq qız övladlarının xaricdə təhsil almasına üstünlük vermirlər. Qeyd edim ki, bu gün ölkəmizdə demək olar ki, yüzlərlə sahə üzrə çox yaxşı ali məktəblərimiz var. Kriminal ünsürlərin meydan suladığı ölkələrə, atışma baş verən ölkələrə, zorlamaya görə dünya lideri olan ölkəyə qız uşağını təkbaşına göndərməyə ehtiyac yoxdur.

 

Bu gün informasiya dövrüdür və internet vasitəsilə istənilən informasiyanı, elmi əsəri əldə etmək olar. Yəni, təhsil almaq istəyən ölkəmizdə də ala bilər. Ehtiyac yoxdur ki, dünyanın o başına getsin. Bizim universitetlərdə dünyada keçirilən bütün demək olar ki, təhsil burada var. Oxumaq və öyrənmək istəyən üçün heç bir problem yoxdur. Sonrakı dövrdə ola bilər ki, əgər elmi işini davam etdirmək istəyirsə, bizdə imkan yoxdursa aspirantura, dpktorantura deyilən mərhələləri uyğun ölkələrdə davam edə bilərlər. Ona görə də, mühafizəkar yanaşmanı mən pisləmirəm və bunu haqlı sayıram. Çünki valideynlər dünya reallıqlarını, həyat reallıqlarını daha yaxşı bilir və öz övladlarının təhlükəsizliyinin qayğısına qalırlar”.

 

“Qız uşaqları üçün ölkəmizdə təhsildə heç bir problem yoxdur. Hesab edirəm ki, Azərbaycanda elə tələbələrin əksəriyyəti qızdır və onlar burada problemsiz təhsil ala bilərlər. Qeyd edim ki, internet nəinki adi təhsil, hətta alimlik dərəcəsinə qədər imkan yaradır. Orada həddən artıq milyardlarla elmi informasiyalar var, hazır dərslər var. Deyək ki, dünyanın ən nüfuzl alimlərin, professorların çıxışları internetdə doludur. Sadəcə bir xarici dil bilmək kifayətdir. Ona görə də, bu kimi halları qınamaq olmaz. Bu bizim milli-mənəvi dəyərlərimizə bağlılığımızı göstərir. Nə vaxt dünya normal olarsa, normal insan cəmiyyəti olarsa, onda problemsiz dünyanın istənilən bir ölkəsində uşaqlarımızı oxuda bilərik. İndi isə bu risklidir və əksər valideynlər bu riskə getmək istəmirlər”, - deyə sosioloq sonda fikirlərini yekunlaşdırıb.

Tarix: 12 Avqust 2022, 14:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin