BURADA REKLAMINIZ OLA
BİLƏR

Vüqar İskəndərov: “Turizm şirkətlərinin vətəndaşları aldatdıqlarını, sui-istifadə etdiklərini görürük”

“Son illər Azərbaycanda özəl sektorda yaranan şirkətlər sırasında turizm şirkətləri də kifayət qədər artıb. Bu, əslində sevindiricidir. Ümumiyyətlə, kiçik və orta biznes sahəsində turizmlə işləyən şirkətlərin payı kifayət qədərdir. Turizm gəlir gətirən sahə olduğu üçün maraq böyükdür. Özəl sektor nə qədər sürətlə inkişaf etsə, ölkənin iqtisadi dayaqlarının möhkəmlənməsində əvəzsiz rol oynayacaq. Bu, ümumi inkişafımıza da müsbət təsirini göstərəcək. Lakin zaman-zaman bir çox şirkətlərin, o cümlədən turizm şirkətlərinin vətəndaşları aldatdıqlarını, onların inamından sui-istifadə etdiklərini görürük”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

Deputat bildirib ki, vətəndaşlar bəzi turizm şirkətləri ilə müxtəlif problemlər yaşayırlar: “Məsələn, vətəndaş bir şirkətdən tam paket halında səyahət turu alır, lakin nəticədə onlara şirtkətlə danışıb, ödəniş etdikləri otel yox, başqa otel təqdim olunur. Hətta tamamilə aldadılan vətəndaşlar da olur. Bu, tək bizə xas məsələ deyil. Harda insan faktoru varsa, orda müsbət-mənfi məqamlar olur. Bütün sahələrdə insanların etimadından sui-istifadə halları ilə rastlaşırıq. Turizm də insanlarla daha çox işləyən sahələrdən biridir. Cəmiyyət isə rəngarəngdir. Burda əsas məsələ qanunun aliliyinin işlənməsidir. Cənab Prezident İlham Əliyevin məmurlar, vətəndaşlar, vergi ödəyən insanlar qarşısında qoyduğu tələblərdən biri qanunun aliliyinə riayət etmək, qanunu əlində rəhbər tutmaq, öz hüquq və vəzifələrini bilmək, çalışdıqları müəssisələrdəki insanların hüquqlarını qorumaqdır. Ölkə başçısı sağlam cəmiyyətin formalaşmasında hər bir məmurun, iş adamının əlini daşın altına qoymasının vacibliyini irəli sürür. Son illər görürük ki, həm dövlət, həm də özəl şirkətlərdə kifayət qədər dələduzların, işbazların ifşa olunması, cinayət məsuliyyətinə cəlb edilməsi halları var. Bu, davamlı olacaq. Çünki dəfələrlə ölkə başçısı söyləyib ki, heç kim qanundan yuxarı ola bilməz. Məmur da, sadə vətəndaş da qanuna riayət etməlidir. Dələduz turizm şirkətləri ilə bağlı şikayətlərin artması təbiidir. Çünki yaydır, insanlar daha çox tur paketləri alırlar. Belə hallarda şikayətlərin artması gözləniləndir. Heç bir güzəşt olmadan belə hallara qarşı kəskin mübarizə aparılmalı, vətəndaşlarımız mütləq müvafiq orqanlara şikayət etməli, öz hüquqlarının qorunması, bərpası üçün lazımi addımları atmalıdırlar”.

 

Aytəkin Qardaşova

Tarix: 12 Avqust 2022, 15:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin