BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qafanda konsulluğun açılması Tehran və İrəvanın daxili işi olsa da, faydalı deyil”

“Vətən Müharibəsində Azərbaycanın şanlı zəfərinin nəticəsi kimi son 30 ildə ilk dəfə olaraq, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün geniş imkanlar yaranıb. Həssas bir perioddayıq. Bölgədə sülh və əməkdaşlıq arzu edən hər bir dövlət bu həssaslığın fərqinə varmalı, münasibətlərin təkrar gərginləşməsinə xidmət edən addımlardan, o cümlədən belə səbəb və şəraitdən çəkinməlidir. Bu mənada İran İslam Respublikasının Qafan şəhərində Baş Konsulluq açması Tehran və İrəvanın daxili işi olsa da, bölgədə yaranmaqda olan sülh və etimad mühiti üçün ən azı indiki məqamda yumşaq desək, faydalı deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, bu gün Qafqazın qarışdırıcı siyasi gedişlərə yox, sabitliyə, əməkdaşlığı ehtiva edən Zəngəzur dəhlizinə, yeni kommunikasiya xətlərinə, o cümlədən davamlı sülhə xidmət edən qəti və sağlam yanaşmalara ehtiyacı var: “İrandan Qafana nə qədər adam gəlir, yaxud hansı iqtisadi şərait Tehranı Qərbi Zəngəzurda diplomatik missiya açmağa vadar edir? Hər kəs bilir ki, nə belə bir siyasi, nə də iqtisadi zərurət yoxdur və bu cür addımlar bölgə üçün, o cümlədən elə İranın özü üçün müsbət heç nə vəd etmir. Biz İranı tarixi, dini köklərlə bağlı olduğumuz dost və qonşu dövlət kimi görür, xalqlarımızın rifahı naminə münasibətlərimizin daha da inkişafını arzu edirik. Tehran artıq anlamalıdır ki, Cənubi Qafqazda indiyə qədər İran üçün Azərbaycandan daha etibarlı ikinci tərəfdaş olmayıb. Bu gün isə Azərbaycan İranın Şimala və Avropaya alternativsiz ən səmərəli və təhlükəsiz çıxış qapısıdır. Ona görə də Azərbaycanla dostluq əlaqələrinin möhkəmləndirilməsi Tehran üçün bölgədə prioritet olmalıdır”.

 

B.Məhərrəmov deyib ki, Zəngəzurda yalnız və yalnız bölgənin işğaldan azad olunması, məscidlərin donuz tapdağından qurtarılması, minaların təmizlənməsi, quruculuq və bərpa proseslərində mühüm dəstəyi olan ölkənin Baş Konsulluğunun açılması arzuediləndir: “Zəngilanda, Ağalıda, üzü xan Araza sarı möhtəşəm bir imarət ucaldaraq qardaş Türkiyənin Baş Konsulluğunun açılması millətimiz, dövlətimiz, Türk Dünyası və bütövlükdə islam ümməti adına gözəl bir qərar olar. Qardaş Tükiyənin Zəngəzurda varlığı gücümüzə güc qatar, bütün haqq  tərəfdarlarını sevindirər, nahaqları isə xar edər!”

 

Aytəkin Qardaşova

Tarix: 12 Avqust 2022, 17:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin