BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda ətraf mühitin mühafizəsi hansı səviyyədədir? – “Birgə çalışmalıyıq” - RƏY

Ölkədə ətraf mühitin, təbii ehtiyatların, onların mühafizəsi, bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilib. Azərbaycanda həyata keçirilən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Aparılan tədqiqatlar onu göstərir ki, hazırda ölkədə əsas ekoloji problemlər su ehtiyatlarının çirklənməsi, yəni Xəzər dənizinin sənaye və məişət tullantı suları ilə çirkləndirilməsi, su obyektlərinin, o cümlədən transsərhəd çayların çirkləndirilməsi, tullantı sularının idarə olunması, yəni təmizləyici qurğuların gücünün formalaşan tullantı sularından az olması, tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılması daxildir. Bundan başqa, atmosfer havasının çirklənməsi, stasionar mənbələrdən çirklənmələr, səyyar mənbələrdən çirklənmələr, torpaqların deqradasiyaya uğraması, yəni erroziya və şoranlaşma prosesləri, torpaqların tullantılarla çirkləndirilməsi, torpaq örtüyünün həddindən artıq otarılması da əsas ekoloji problemlərdən sayılır.

 

AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin keçmiş müdiri Ənvər Əliyev Pravda.az-a açıqlamasında Kür-Araz ovalığı ərazisinin torpaq mühütünün problemlərindən danışıb:

General Vaqif Axundov bizi xilas etdi” - Ənvər Əliyev - Azinforum.az  İnformasiya Portalı

“Məlum olduğu kimi, tarixin bütün müharibələri torpaq-sərvət üstündə baş verib. Planetimizin bütün canlı aləminin yaşayışı da bilavasitə və dolayısı yolla su mühiti və torpaqla sıx bağlıdır. Respublikamızın vaxtilə ən intensiv kənd təsərrüfatı sahəsi olan Kür-Araz ovalığı ərazimizin təxminən 25%-ni əhatə edir. Lakin hazırda bu ərazilərin torpaq mühiti tamamilə dəyişərək yararsız hala düşüb. Bu ərazilərin çox hissəsi, demək olar ki, dövriyyədən çıxaraq yararsız bir landşafta çevrilib. Yaxşı olardı ki, bu torpaqları şoranlıqdan təmizləyərək müasir texnologiya əsasında suvarma sistemi qurmaqla yenidən dövriyyəyə buraxaq. Beləliklə, vaxtilə respublikamızın ən intensiv kənd təsərrüfatı olan ərazisini yenidən ölkəmizin ən məhsuldar zonalarından birinə çevirək. Bununla da biz bu ərazidə yaşayan 2,5 milyondan artıq əhalinin dolanışığını, həyat tərzini daha da yaxşılaşdırmış olarıq. Təbii ki, bu əraziləri yenidən şoranlaşma qorxusundan qorumaq üçün müvafiq suvarma sistemi ilə təchiz etməliyik. Bunun üçün istərdik ki, dövlətimiz proqram şəklində bütün bu dediklərimizin yaxın vaxtlarda icrasına başlasın”.

 

Ə.Əliyev Xəzər dənizinin mövcud problemlərinə də toxunub: “Xəzər dənizi okeanla əlaqəsi olmayan dünyanın ən böyük qapalı su sistemidir. Orada dünyada heç yerdə olmayan çox gözəl, nadir fauna mövcuddur. İstərdik ki, hər il istədiyimiz qədər də olmasa, ən azı süfrələrimizə ayda bir-iki dəfə balıq məhsulları da qoya bilək. Xəzərin sahil xətti 860 kilometr olmaqla onu əhatə edən 5 dövlətin sahil xəttinin ən azıdır. Vaxtilə Xəzərin bizə aid sahil xəttinin Şimal, yəni Quba-Xaçmaz zonasına aid olan hissəsində keçmiş SSR-nin ən böyük turizm sektorunun yaradılması nəzərdə tutulurdu. Məlum səbəblərdən bu plan həyata keçirilə bilmədi. İstərdik ki, hazırda dünyanın ən unikal – meşə və dəniz ekosistemlərinin qovuşduğu hissədə, eləcə də bol günəş şüası və qumlu sahilləri olan bu ərazilərdə müasir tələblərə uyğun istrahət zonaları yaradaq. Bu təbii potensialdan lazımi qaydada istifadə edə bilsək, onda hər il biz də turizmdən ərazisi və əhalisi bizim qədər olan Avstriya, eləcə də qonşu Türkiyə kimi on milyardlarla gəlir götürə bilərik. Belə halda Azərbaycan 150 milyona yaxın əhalisi olan Rusiyanın nəhəng turizm bazarına çevrilmiş olar. Respublikamızın cənub hissəsindəki sahillərində də bu cür infrastruktur yarada bilsək, onda qeyri-neft sektoru ölkə büdcəsinə neft və qazımızdan da çox gəlir gətirən sahəyə çevrilə bilər. İstərdim ki, Nazirlər Kabineti yaxın 1-2 ildə bu məsələlərlə məşğul olsun”.

 

Coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov isə deyib ki, Azərbaycanın ekoloji problemləri çox böyük məsələləri əhatə edir:

Oxu.az - Daş kömür tüstüsündə bəşəriyyətin “xilası”: “Məsələni faciəyə  çevirmək lazım deyil” - FOTO

“Azərbaycan çox zəngin təbii resurs potensialına malikdir. Əlverişli təbii iqlim müxtəlifliyi ilə fərqlənən dünyanın nadir regionlarından biridir. Burada yarımsəhra zonasından, quru, rütubətli subtropik iqlim, landşaft tipləri mövcuddur. Təbii şəraitin belə müxtəlifliyi onu cazibədar edir, insan üçün mənimsənilməsində bir çox üstünlüklər yaradır. Balaca bir ərazidə dağ silsilələri, meşə ehtiyatları, torpaq, su ehtiyatları, çayları, bulaqları, dəniz sahili, təbiətin müxtəlifliyi onun qorunması məsələsini daha da aktuallaşdırır. Burada təbii proseslərin gedişinə öz təsərrüfat fəaliyyətimizlə də, demək olar, mənfi təsir göstərmişik. Otlaqlarımızın çox hissəsi artıq antropogen səhralaşmaya məruz qalıb. Aran zonalarında əkin sahələrimizin, təxminən, 40%-i şoranlaşıb, meşələrin çox hissəsi qırılıb, çayların bir hissəsi quruyub. Təbii ki, çayların quruması, meşə sahələrinin dəyişməsi yalnız insan fəaliyyəti ilə yox, qlobal iqlim dəyişikliyi ilə də bağlıdır. Ancaq insan da öz təsirini göstərir. Torpaq ehtiyatlarının səmərəli istifadəsi Azərbaycan üçün çox əhəmiyyətlidir. Baxmayaraq ki, Azərbaycanda Cənub-Qərb ən böyük əkin sahələrinə malikdir. Ancaq bizdə ən böyük sahələr şoranlaşıb. Baxın, müxtəlif təsərrüfat sahələri inkişaf etdirilir. Suvarma aparılıb, amma bu suvarmada nə dərəcədə müasir texnologiyalar tətbiq olunur? Nə dədərəcədə səmərəli suvarma aparılır? Bütün bunlar çox aktual məsələdir. Fermerlər, sahibkarlar arasında suvarma ilə bağlı maarifləndirmə aparılması çox vacibdir”.

 

Professor bildirib ki, işğaldan azad olunmuş ərazilərdə çox böyük meşə  sahələri ermənilər tərəfindən məhv edilib: “O ərazilərdə meşə bərpası işləri aparmalıyıq. Bu işi yalnız dövlətin deyil, ora köçən sakinlər də eyni vaxtda qurmalıdırlar. Ağalıda “Ağıllı kənd” salınıb. Nə qədər yeni ağaclar əkilib. Bunları qorumaq, yaşıllıq sahələri artırmaq lazımdır. Əl-ələ tutub bunları etmək lazımdır”.

 

Ç.İsmayılov deyib ki, su ehtiyatları məhduddur: “Azərbaycanda formalaşan su ehtiyatlarının cəmi 33%-dir. Qalan su mənbələri qonşu ölkələrdən gəlir. Ona görə də ehtiyatlarından çox səmərəli istifadə etməliyik. Bu sahədə də maarifləndirməyə ehtiyac var. Azərbaycanda dəniz sahili əraziləri səmərəsiz istifadə olunur. Halbuki çox zəngin turizm potensialı var. Sahil ərazilərin turizm potensialının 10%-ni istifadə edirik. 90% istifadəsiz qalıb. Niyə? Çox səbəblər var. Bizdə hələ də dövlət səviyyəsində sahil ərazilərin idarəetmə proqramları yoxdur. Bütün sahil ərazilərə malik olan ölkələrin böyük əksəriyyətində belə proqramlar var. Ona uyğun olaraq bu ərazilərdə yalnız turizm yox, təsərrüfat sahələri də inkişaf edir. Nəqliyyat şəbəkəsi, balıqçılıq, şəhərsalma və s. Sahil ərazilər çox sahədən cəlbedicidir. Bu yaxınlarda Abşeron sahilinin bəzi hissələrində hasarlar dağıdıldı. Ancaq bu heç nədir, cüzidir. Abşeronun qayalıq olan Amburan sahili var. Oradakı daşlar, qayalıqlar dağılıb. İndi ora çıxış yoxdur, istirahət mərkəzi yaradılıb. O qayalıqlar əlçatmazdır. 2003-cü ildə çəkdiyim videoya baxın, gəlib kimsə göstərsin ki, hardadır o qayalıqlar? Yoxdur, dağıdılıb. Bu məsələlər ciddi nəzarət altında olmalıdır. Yerli əhali, icmalar da burada fəallıq göstərməlidirlər. Biz müşahidəçi olmalı deyilik”.

 

Professor Nabran sahilindəki problemə də diqqət çəkib: “Nabran sahilinə naməlum mənbələrdən çirkab suları axır. Niyə dəniz sahilində çimərliklər yoxdur? Çimərlikdə çimmək mümkün deyil. Çünki çirkab suları ora axıdılır. SSR dövründə problemimiz kimyəvi maddələrin tullantıları idi. İndi kimya sənayesi Sumqayıtda, demək olar, yox vəziyyətindədir. Məişət tullantılarını təmizləmək vaxtıdır. Hər yay deyirlər ki, yalnız Abşeron sahilində 10-15 çimərlikdən bir-ikisində çimmək olar, qalanlarında yox. Çünki ekoloji vəziyyət ağırdır. Xarici turistlər gələndə dənizdə gedib çimirlər. Bu normaldır? Dəniz sahilinə çıxış ola-ola, vətəndaşlar, turistlər getmirlər. Gedənlər də xəstələnirlər. Bu sahədə insanları maarifləndirmək lazımdır. Çirkab sularını da biz yaradırıq. Başqa planetdən gəlib yaratmırlar. Özümüz suyu çirkləndiririk, çirkab suda da çimirik. Müvafiq nazirliklər, ictimai qurumlar, yerli idarəetmə orqanları tərəfindən bu məsələlər ciddi nəzarətdə olmalıdır. Sahil əraziləri ilə bağlı hərdən bir neçə ictimai təşkilat kampaniya keçirir, sahildən çirkab paketləri yığırlar. Bir il keçir, yenə yaddan çıxır. Bu, sistemli olmalıdır. Bizdə sahildə obyektlər tikilir, sonra ekologiya barədə düşünürlər. Maraqlıdır, tikinti qurtarır, istismar olunandan sonra Nazirliyin strukturları sanki oyanırlar. Guya bu obyekti görməyiblər. Obyektlər yaradılanda düşünmürdülər ki, bu obyektlərin çirkab suları hara axacaq? Əlbəttə, birbaşa dənizə... Ona görə də müvafiq yerliidarətmə orqanı, ETSN-in strukturları buna nəzarət etməldir. Qlobal istiləşmə şəraitində ekoloji vəziyyətin gərginləşməsi bizə də çox böyük təsir edəcək. Su qıtlığı yarana bilər. Torpaq ehtiyatlarını qorumalı, su mənbələrimizi mühafizə, meşə ehtiyatlarımızı bərpa etməliyik. Bütün bunlar əsas ekoloji problemlərimizdir. Sahil ərazilərin idarə olunması və burada ekoloji amillərin öndə olması vacibdir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 13 Avqust 2022, 14:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin