BURADA REKLAMINIZ OLA
BİLƏR

“Taliban” və İŞİD-də vuruşan azərbaycanlı ilə bağlı QƏRAR

Ali Məhkəmədə qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr yaratmaqda, silah-sursatla təmin etməkdə təqsirləndirilən Qubad Rəsulzadənin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qubad Rəsulzadə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən məhkum apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsi isə hökmü dəyişməyib. Daha sonra Qubad Rəsulzadə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Qeyd: Qubad Rəsulzadə Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 279.1-ci (qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) və 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma, qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ittiham edilir.

 

İttihama görə, təqsirləndirilən şəxs Azərbaycanın hüdudlarından kənarda Pakistan İslam Respublikasının ərazisində aparılan qanunsuz silahlı birləşmələrdə iştirak etmək məqsədi ilə 2010-cu ilin aprel ayının 13-də İran İslam Respublikasına gedib. O, oradan həmin ölkənin sərhəddini qanunsuz yolla keçərək 2010-cu ilin may ayının axırlarında Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərinə gedib. Qubad Rəsulzadə həmin dövlətin və Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış “Taliban” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan “Zubeyr” dini ləqəbli şəxsin rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibinə daxil olaraq 2010-cu ilin oktyabr ayının axırlarınadək olan müddət ərzində həmin silahlı birləşmənin digər üzvləri ilə birlikdə “Kalaşnikov” markalı avtomat tipli silahından istifadə etməklə bu silahlı birləşmənin nəzarətindəki postların mühafizəsində iştirak edib. O, 2010-cu ilin oktyabr ayının 28-də Azərbaycana geri qayıdıb.

 

Bundan sonra, təqsirləndirilən şəxs təkrarən “Taliban” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olmayan X adlı pakistanlının rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibinə daxil olaraq 2012-ci ilin mart ayın əvvəllərinədək olan müddət ərzində həmin silahlı birləşmənin digər üzvləri ilə birlikdə “Kalaşnikov” markalı avtomat tipli silahından istifadə etməklə bu silahlı birləşmənin nəzarətindəki postların mühafizəsində iştirak edib. 2012-ci ilin aprel ayının 5-də Azərbaycana geri qayıdıb.

 

Daha sonra o, Suriya Ərəb Respublikasının ərazisində aparılan qanunsuz silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 2014-cü ilin may ayının 27-də Gürcüstana, oradan isə həmin ölkənin sərhədini qanunsuz yolla keçərək Türkiyə Respublikasına gedib. 2014-cu ilin iyun ayının əvvəllərində Türkiyənin Hatay şəhəri istiqamətindən Suriya Ərəb Respublikasının sərhədini qanunsuz yolla keçərək həmin ölkənin Hələb şəhərinə çatıb. Təqsirləndirilən şəxs həmin dövlətin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış İŞİD adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan “Xalid dayının camaatı” adlı qanunsuz silahlı birləşmənin tərkibinə daxil olub. Qubad 2015-ci ilin yanvar ayınadək olan müddət ərzində həmin silahlı birləşmənin digər üzvləri ilə birlikdə “Kalaşnikov” markalı avtomat tipli silahından istifadə etməklə bu silahlı birləşmənin nəzarətindəki postların mühafizəsində iştirak edib.

 

O, 2015-ci ilin yanvar ayının axırlarında Suriyadan Türkiyə sərhədini qanunsuz olaraq keçməklə İstanbul şəhərinə gəlib. 7 fevral 2019-cu il isə Azərbaycana geri qayıdıb və sonra həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 16 Avqust 2022, 16:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin