BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kişi araq alıb pulun qalığını qaytarmayan satıcını bıçaqladı

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Zülfüqar İsmayılovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 7 fevral 2022-ci il tarixli qərarı dəyişdirilib.

 

Belə ki, Zülfüqar İsmayılovun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunub. Təqsirləndirilən şəxsə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, Samux rayon sakini, 1961-ci il təvəllüdlü Zülfüqar İsmayılov xuliqanlıq niyyətilə digər şəxsin sağlamlığa qəsdən ağır zərər vurub.

 

Hadisə 2019-cu il tarixdə, saat 23 radələrində paytaxt ərazisində qeydə alınıb.

O, araq almaq üçün mağaza satıcısı Həbullah Eyvazova 50 manat pul verib. Lakin Həbullah pulun qalığını geri qaytarmayıb. Buna görə də tərəflərin aralarında mübahisə yaranıb. Nəticədə o, Həbullah Eyvazovun qarın nahiyyəsinə bir dəfə bıcaqla vurub. Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Zülfüqar İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, bu hökmdən narazı qalıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra Zülfüqar İsmayılov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

Tarix: 17 Avqust 2022, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin